Müharibədə SON DURUM: ruslar sıxışdırılır

  • By admin
  • 10 Mart 2022 10:19

Ukraynanın müdafiə qüvvələri Donetsk, Slobojansk və Tavriyanın fəaliyyətdə olan dairələrində Rusiya Silahlı Qüvvələrinin hücumuna müqavimət göstərməyə davam edirlər. Ukraynalı müdafiəçilər müdafiə mövqelərini tutur, Rusiya Federasiyasının işğalçı qüvvələri hücumun sürətini aşağı salıblar.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Xarkov və Axtırka şəhərləri müdafiə olunur. Əsas səylər düşmənin cənub-şərq istiqamətində hərəkətinin qarşısının alınmasına yönəlib. Mariupolun dairəvi müdafiəsi ilə yanaşı, Belarus ilə dövlət sərhədinin bağlanması, Siverşinedə Çerniqov şəhəri müdafiəsi davam edir. Rusiya qoşunlarının paytaxt Kiyev şəhərinə tərəf hərəkətinin qarşısının alınması üzrə tədbirlər görülür. Şəhərin müdafiə qüvvələri işğalçıların hücumlarını dəf etməyə hazır vəziyyətdədir” – məlumatda deyilir.

Bildirilib ki, cənub istiqamətində Rusiya Silahlı Qüvvələri Krivoy Roq, Nikolayev, Voznesensk və Xerson vilayətinin Novoronsovka qəsəbəsində sıxışdırılır. Başqa istiqamətlərdə qoşun dəstələri sabitlik və ərazinin müdafiəsi üzrə əməliyyatlar keçirir.

“Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının raket bomba zərbələrinin qarşısını alır, ölkənin vacib obyektlərini və qoşun bölmələrini hava hücumundan müdafiə edir. Son 2 gündə (martın 8 və 9 nəzərdə tutulur – red.) Rusiyanın 4 “Su-25” qırıcısı və 2 helikopteri məhv edilib. Onların irəliləmək sürəti zəifləyib, Rusiya ordusunun şəxsi heyəti ruh düşkünlüyü yaşayır. Rusiya Silahlı Qüvvələrinin hissələri arasında özbaşınalıq və talan halları əhəmiyyətli dərəcədə artıb”, – Baş Qərargahın məlumatında bildirilir.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynada hərbi əməliyyatlara başlamasının 15-ci günüdür.

Gununsesi.info