Müxalifət partiyaları növbədənkənar parlament seçkiləri ilə bağlı toplantı keçirdi

  • By admin
  • 04 Dekabr 2019 12:29

Azərbaycanda aparıcı müxalifət partiyalarının tanınmış funksioner və sədrləri yenidən bir araya gəliblər. Gununsesi.org xəbər verir ki, Müsavat Partiyasının mənzil-qərargahında gerçəkləşən yığıncaqda siyasətçilər Milli Məclisin dekabrın 1-dən özünü buraxması ilə əlaqədar Konstitusiya Məhkəməsinin qərarından sonra elan edilməsi gözlənilən növbədənkənar parlament seçkilərində iştirak və ya boykot məsələsini müzakirə ediblər. Tədbirə ekspertlər, AXCP, Müsavat, ReAl, HƏP və s partiyalar qatılıblar.

Müsavat Partiyasının sədri Arif Hacılı bildirib ki, müxalifət qüvvələrinin dairəsinin genişlənəcəyi istisna deyil,  çünki müzakirələr üçün açıqdır.

AXCP sədrinin müavini Seymur Həzi açıqlayıb ki, seçkilərdə iştirakın əleyhinə deyil, eyni zamanda hesab edir ki, ən azı minimum şərtlər yerinə yetirilməlidir.

Haqq  Ədalət Partiyasının rəhbəri Əli İnsanov qeyd edib ki, bütün siyasi qüvvələr tək mövqedən çıxış etməlidir.

REAL partiyasının icraçı-katibi Natiq Cəfərli isə hesab edir ki, seçkilərdə iştirakın alternativi yoxdur, odur ki, xalqı kütləvi iştiraka cəlb etmək lazımdır.

“Hakimiyyətə gəlməyin yolu seçkilərdən keçir, ona görə də seçkilərdə iştirak vacibdir. Amma bundan sonra seçki komissiyaları, məcəllə dəyişməyəcək. Fevral-mart aylarında seçki baş tuta bilər”, – icra katibi bildirib.

Ümumilikdə, çıxışçıların əksəriyyəti əlverişsiz seçki mühitinə, qadağalara və digər məhdudiyyətlərə baxmayaraq, seçkilərdə iştirakı vacib hesab ediblər.

“Dəyirmi masa” iştirakçıları qarşıdakı parlament seçkiləri ilə bağlı hər bir siyasi qüvvənin mövqeyinin müəyyənləşdirilmək üçün məsləhətləşmələrin davam etdirilməsinə qərar veriblər. İlk növbədə, Venesiya Komissiyasının və digər strukturların tövsiyələri nəzərə alınaraq seçki qanunvericiliyinə dəyişikliklər müzakirə olunacaq və təklif ediləcək. Seçkilərdə iştirak etmək qərarına gələn partiyalar seçki komissiyalarının tərkibinə yenidən baxılmasına və hamı üçün bərabər şəraitin təmin olunmasına çalışacaqlar.

 

Gununsesi.org