
Respublika Narkoloji Mərkəzində baş verən yanğın hadisəsində 25 nəfərin öldüyü barədə rəsmi məlumat verilsə də, hadisədən bir sutka keçməsinə baxmayaraq, hələ də ölənlərin adları açıqlanmır.
Gununsesi.info-nin müvafiq dövlət qurumlarına etdiyi müraciətə baxmayaraq, ötür-ötür oyunu nəticəsində ölənlərin siyahısını dəqiqləşdirmək mümkün olmayıb. Güc strukturları da məsuliyyəti bir-birinin üzərindən atmağa çalışır. Adların açıqlanmaması və hadisə ilə bağlı qeyri-operativlik cəmiyyətdə xoşagəlməyən söz-söhbətlərə yol açır.
Olmazmı müvafiq dövlət qurumları ölənlərin yaralıların siyahısını açıqlamaqla cəmiyyətə gəzən bu şayiələrə son qoysun. Axı orada saxlanılanların siyahısı var, ölənin də sağ qalanların da. Əgər burada başqa bir əmma yoxdursa, onda niyə açıqlanmır?
Bax bunlar cəmiyyətdə müəyyən müəmmalara və söz-söhbətə yol açır.
Məsələ ilə bağlı Gununsesi.info-ya açıqlama verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, ötən gün yanğında dünyasını dəyişən şəxslərin adları artıq müəyyənləşib. “Dünyasını dəyişən şəxslərin adları müəyyən olunub. Hansı meyitin kimə aid olması bilinən kimi ailələrinə təhvil verilir. Mətbuata daha geniş məlumat veriləcək”.
Əldə etdiyimiz məlumata görə, siyahının açıqlanmasının əsas səbəbi Səhiyyə Nazirliyi yox, məsələ ilə məşğul olan Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi açıqlamalıdır. Onlar da bunu hansı səbəblərdənsə gecikdirir.
Mürtəza
Gununsesi.info












