Narkomaniyanın bu səviyyədə yayılmasında sosial şəbəkələrin rolu var - ARAŞDIRMA

  • By admin
  • 09 Aprel 2024 13:06

Narkotik istifadəsinə görə Azərbaycanda hansı bölgələr liderdir?

Azərbaycanda hər gün ortalama 24 nəfər narkotikə görə məsuliyyətə cəlb edilir.

Gununsesi.info xəbər verir ki, keçən il narkotik cinayətində ittiham edilənlərin 22%-i gənclərdir.

Məsuliyyətə cəlb edilənlərin ümumi sayı isə 8777 nəfərdir.

Araşdırmalar zamanı məlum olub ki, narkotiklə bağlı cinayətlərin təxminən 44%-i Bakının payına düşür.

Elə məsuliyyətə cəlb edilənlərin 46%-i Bakı sakinləridir.

Ən çox narkotik istifadəçisi paytaxtın Yasamal və Suraxanı rayonlarındadır.

Ölkə üzrə yüksək nəticə Lənkəran və Şirvanda olub. Bu göstərici ilə sonrakı yerləri Salyan və Sumqayıt tutur.

2024-cu ilin əvvəlinə olan rəqəmlərə görə, ölkədə 36 min 659 nəfər narkotik istifadəçisi dispanser nəzarətindədir.

Keçən il azı 7 ton, yəni 281 milyon manatlıq narkotik maddə ələ keçirilib.

Bu, 2022-ci ildəki göstəricidən 29% çoxdur.

Ötən il aşırı dozadan ölən 172 nəfərdən 25-i 30 yaşına çatmayıb.

Azərbaycanda narkotiklərin geniş yayılması ölkənin gələcəyi üçün də ciddi problem deməkdir . Baxmayaraq ki, Daxili İşlər Nazirliyi narkotiklərlə mübarizə fəaliyyətində kifayət qədər prinsipial mövqe sərgiləyir, amma narkomaniya problemi daha da böyüyür.

Ən dəhşətlisi isə narkotiklərin orta məktəblərə qədər sızmasıdır.

Müxtəlif bihuşedici tabletlər 10-15 manata orta məktəb şagirdləri arasında satılır.

Bu isə gələcək nəslin fiziki və sağlamlıqları üçün ciddi təhlükə deməkdir.

Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri Büllur Məmmədova Gununsesi.info-ya  müsahibəsində  narkotik probleminin  hazırda bütün dünyada, o cümlədən Azərbaycanda da aktual olduğunu deyib. Onun sözlərinə görə, narkotik vasitələr və narkomaniya ilə mübarizə sahəsində milli strukturlarımızın apardığı mübarizə effektiv aparılır. “Məhz bunun nəticəsidir ki, hər gün nə qədər insan həbs edilir. Digər səbəb ondan ibarətdir ki, müasir informasiya-kommunikasiya texnologiyalarının bürüdüyü indiki dünyada hüquq-mühafizə orqanları elmin və texnikanın ən sonuncu nailiyyətlərindən istifadə edib narkotiklərə qarşı mübarizə apardıqları kimi, narkotacirlər də həmin nailiyyətlərdə öz məkrli niyyətlərinə çatmaq üçün sui-istifadə edirlər. Məsələn, son dövrdə narkotacirlərin yeniyetmə və gənclərə öz cinayətkar şəbəkələrinə cəlb etməsində, onları narkotik aludəçisinə çevirməsində sosial şəbəkələrin rolu xeyli artıb. Narkomaniyaya qurşanan gənclərin sayının artmasının səbəblərindən biri budur. Əlbəttə, bütün bunlara qarşı həm dövlət, həm də vətəndaş cəmiyyəti səviyyəsində ciddi mübarizə və geniş miqyaslı maarifləndirmə tədbirləri aparılır”.

Billur Məmmədova aparılan tədbirlərin nəticəsi olmaması barədə iddiaları da qəbul etmir.

“O fikirlə razı deyiləm ki, bu tədbirlərin nəticəsi yoxdur. Xeyr, var. İstər müvafiq hüquq-mühafizə orqanları, istərsə də narkomaniyadan əziyyət çəkən gənclərimizin reabilitasiyası ilə məşğul olan mərkəzlərlə işləyən bir insan kimi əminliklə deyə bilərəm ki, bütün istiqamətlərdə görülən tədbirlər mütləq öz müsbət nəticəsini verir. Sadəcə, bütün digər məsələlərdə olduğu kimi burada da cəmiyyətin ayrı-ayrı sosial qruplarının birlik nümayiş etdirməsi həyati vacib əhəmiyyət kəsb edir.

Bu düşüncədə, yanaşmada və fəaliyyətimizdə olmalıdır”.

QHT rəhbəri orta məktəblərdə psixoloqlar və müəllimlərin də şagirdlərə bu bəla haqqında maarifləndirici söhbətlər etməli olduğunu deyir:

Söhbət gələcək nəslin taleyindən gedir. Narkomaniyaya qarşı mübarizə üçün kifayət qədər materiallar var. Bu həm elektron, həm də online formada mövcuddur. Müəllimlər bu prosesdə xüsusi fəallıqları ilə seçilməlidir”.

 

 

Şəbnəm Rəhimova 

Gununsesi.info