Natiq Cəfərli: “Azərbaycanın Avropa Şurasında iştirakdan məhrum edilməsi sivil topluma zərbə vurdu”

Siyasi şərhçi Natiq Cəfərli hesab edir ki, bu gün post-sovet məkanında, o cümlədən Azərbaycanda demokratiya, insan haqları və seçkilərlə bağlı problemlərin yaranmasında Qərbin bəzi institutlarının da məsuliyyəti var.

Gununsesi.info xəbər verir ki, onun sözlərinə görə, bəzi Avropa institutları və ayrı-ayrı siyasətçilər, o cümlədən Şvabe uzun illər insan haqları və demokratiya mövzularına prinsipial deyil, siyasi maraqlar prizmasından yanaşıblar.

Cəfərli iddia edir ki, bu yanaşma müxtəlif ölkələrdə mövcud problemlərin siyasi məqsədlər üçün istismar olunmasına gətirib çıxarıb və bu, “dəyərlər uğrunda mübarizə” adı altında həyata keçirilib.

O, həmçinin bildirir ki, erməni separatçıları və ağır cinayətlərdə ittiham olunan şəxslərin “insan haqları” və “siyasi məhbus” kontekstində müdafiə olunması həmin yanaşmanın növbəti təzahürü olub.

Natiq Cəfərlinin fikrincə, hazırda Azərbaycanda günahsız insanların, jurnalistlərin və vətəndaş cəmiyyəti nümayəndələrinin həbsdə olması həm də illər ərzində aparılan yanlış siyasətin nəticəsidir.

O iddia edir ki, bu siyasəti həyata keçirənlər vaxtilə dəstək verdikləri şəxsləri sonradan qoruya bilməyiblər.

Elmar
Gununsesi.info