İqtisadçı Natiq Cəfərli Gürcüstanın diri qoyun ixracı ilə bağlı açıqlanan statistikaya münasibət bildirib.
Gununsesi.info-nun xəbərinə görə, o qeyd edib ki, bu ilin ilk altı ayında Gürcüstan xarici ölkələrə 11,7 milyon ABŞ dolları dəyərində diri qoyun ixrac edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfə çoxdur. Cəfərlinin sözlərinə görə, Gürcüstanın Azərbaycana diri qoyun ixracı da bir il əvvələ nisbətən 2,5 dəfə artıb.
İqtisadçı diqqətə çatdırıb ki, qapalı sərhədin o tayında yaşayan azərbaycanlılar son illərdə qoyun sayını 1,5 dəfə, ixracı isə üç dəfə artırmağa nail olublar.
Onun iddiasına görə, Azərbaycanda isə əks proses müşahidə olunur və son beş ildə ölkədə qoyun-keçi sayı 1 milyon 301 min baş azalıb.
Natiq Cəfərli bunun səbəblərinin araşdırılmalı olduğunu bildirərək sual edib ki, eyni coğrafiya, eyni insanlar və oxşar təsərrüfat ənənələri olduğu halda, Gürcüstanda yaşayan azərbaycanlılar bu sahədə gəlirlərini artıra bildiyi halda, Azərbaycanda heyvandarlıq niyə geriləyir.
Elmar
Gununsesi.info











