NATO-nun Baş katibi Azərbaycan rəhbərliyindən 4 şey istəyib

  • By ilhame
  • 18 Mart 2024 22:50

Xəbər verdiyimiz kimi, NATO-nun baş katibi Yens Stoltenberq Cənub Qafqaza səfəri çərçivəsində Azərbaycanda olub.

Gununsesi.info xəbər verir ki, Yens Stoltenberq Prezident İlham Əliyevlə görüşündən sonra AZƏRTAC- a müsahibə verib.

Müsahibədən aydın olur ki, o Azərbaycandan 4 şey istəyib:

1. Ukraynaya daha çox humanitar dəstək verin;

2. Rusiyaya qarşı iqtisadi sanksiyalara qoşulun;

3. Ermənistanla sülh sazişinin imzalanması çox vacibdir;

4. Rusiyadan gələn potensial təhlükələrdən bizim dəstəyimizlə müdafiə olunun..

 

Stoltenberqin  AZƏRTAC- a müsahibəsindən əsas hissəni təqdim edirik:

 

“Azərbaycanla Ermənistan arasında davamlı sülhün tənzimlənməsi bizim üçün çox vacibdir. Mən Prezident İlham Əliyevin görüşümüz, mətbuata bəyanat və şam yeməyi zamanı verdiyi mesajları alqışlayıram. Prezident İlham Əliyev aydın şəkildə bildirdi ki, biz indi sülh müqaviləsinə hər zamankından daha yaxınıq. Bir sıra həll olunmalı məsələlər hələ də qalır, lakin mən əminəm ki, Azərbaycan və Ermənistan sülh razılaşmasını imzalamaq üçün yaranmış bu imkanı görür. Regionda sülh və təhlükəsizlik beynəlxalq sülh və təhlükəsizlik baxımından da vacib rola malikdir. Ona görə də davamlı sülhün əldə olunması həm də NATO müttəfiqlərinin marağındadır. Buna görə də mən qəti şəkildə inanıram ki, davamlı sülh və təhlükəsizliyin əldə olunması üçün bütün işlər görüləcək…

Qafqaz Rusiyanın genişmiqyaslı təcavüzkar müharibə apardığı Ukraynadan o qədər də uzaq deyil. Bu da həm Avropa, həm də Qafqaz üçün vacibdir. Əgər Prezident Putin Ukraynada qalib gələrsə, bu, təkcə Ukrayna üçün faciə deyil, həm də hər kəsə, o cümlədən Azərbaycana və NATO müttəfiqlərinə təhlükə törədər. Çünki Prezident Putinə mesaj budur ki, istədiyi hər şeyi əldə etmək üçün hərbi yola əl atdıqda beynəlxalq hüququn pozulmasına və başqa ölkəyə hərbi müdaxiləyə görə cavab verməli olduğunu bilməlidir. Bu, həm də gələcəkdə gücə əl atmaq cəhdlərini azaldacaq. Ona görə də NATO müttəfiqlərinin, Azərbaycanın və dünyada bütün ölkələrin marağında olan odur ki, Prezident Putinin qalib gəlməsinin qarşısı alınsın. Mən, həmçinin Azərbaycanın Ukraynaya göndərdiyi humanitar yardımı və minaların təmizlənməsi sahəsində dəstəyini yüksək qiymətləndirirəm. Lakin düşünürəm ki, Rusiyaya qarşı iqtisadi sanksiyalara qoşulmaq da çox vacibdir. Çünki bu ölkə beynəlxalq hüququ pozmaq və başqa ölkənin ərazisinə hücum etməyin əvəzini ödəməlidir”.

Gununsesi.info