Naxçıvanda fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı artıb

  • By admin
  • 19 Yanvar 2018 10:33


Naxçıvan Dövlət Sosial Müdafiə Fondunda kollegiya iclası keçirilib.

“APA-Economics” xəbər verir ki, fondun sədri Əli Quliyev bildirilib ki, 2017-ci ildə Naxçıvan Dövlət Sosial Müdafiə Fondu müvafiq dövlət orqanları ilə birlikdə işçilərlə işəgötürənlər arasında əmək müqavilələrinin bağlanmasına nəzarət edilməsi zamanı 573 sahibkarlıq obyektində (54 hüquqi, 519 fiziki şəxs) 443 yeni əmək müqaviləsi bağlanıb, 1475 əmək müqaviləsində isə əməkhaqqı artırılıb.

Qeyd olunub ki, 2017-ci ildə fondun hesabına 53 mln. 300 min manat proqnoza qarşı, 68 mln. 507 min 400 manat vəsait daxil olub, proqnoz tapşırıqlara 128,5% əməl edilib. Daxil olan vəsait nəzərdə tutulan məbləğdən 15 mln. 207 min 400 manat, yaxud 28,5 faiz çox, 2016-cı ilin müvafiq dövründə yığılan vəsaitdən isə 2 mln. 521 min 880 manat, yaxud 3,8% çox olub.

Məcburi dövlət sosial sığorta haqlarının 45 mln. 861 min 150 manatı, yaxud 66,9%-i büdcə təşkilatlarının, 22 mln. 646 min 250 manatı, yaxud 33,1%-i isə qeyri-büdcə təşkilatlarının hesabına olub. Hesabat dövründə prezident İlham Əliyevin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” imzaladığı 2017-ci il 21 yanvar tarixli Sərəncamına əsasən bu kateqoriyadan olan əmək pensiyalarının sığorta hissəsi 12,4% artırılıb. İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə maddi yardım verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 aprel tarixli Sərəncamına müvafiq olaraq muxtar respublika üzrə bu kateqoriyadan olan pensiyaçılara, ümumilikdə, 564 min 500 manat vəsait ödənilib ki, həmin pensiyaçılardan 31 nəfərə 1000, 1067 nəfərə isə 500 manat məbləğində birdəfəlik maddi yardım ödənilib.

Bundan əlavə, 2017-ci ildə fondun yerli orqanları tərəfindən 1187 nəfərə yaşa, 341 nəfərə əlilliyə, ailə başçısını itirməyə görə, ümumilikdə, 2099 nəfərə əmək pensiyası təyin edilib. Əvvəlki dövrlərdə olduğu kimi, 2017-ci ildə də əmək pensiyalarının plastik bankomat kartları ilə ödənilməsi üçün müvafiq işlər davam etdirilib, pensiyaçıların 100 faizi plastik kartlarla təmin edilib.

Fondun sədri qeyd edib ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanuna müvafiq olaraq muxtar respublikada fərdi uçot sisteminin qurulması ilə əlaqədar işlər davam etdirilib. Hesabat dövründə 5435 sığortaolunan sosial sığorta şəhadətnaməsi ilə təmin olunub. Beləliklə, fərdi uçot sistemində qeydə alınaraq sosial sığorta şəhadətnaməsi alan sığortaolunanların sayı ilin əvvəli ilə müqayisədə 2,7% artaraq 168 min 935 nəfərə çatıb.

Gununsesi.info