Nazir: “Azərbaycan beynəlxalq çimərlik standartlarına qoşulmalıdır”

  • By admin
  • 15 İyul 2016 12:01

 

yaydi

 

“Bu gün turizm mövzusu Azərbaycanın iqtisadiyyatı, cəmiyyəti üçün olduqca vacibdir. Buna görə də biz xüsusi istiqamətlər üzrə və bir neçə proqram əsasında tədbirlər həyata keçiririk”.Gununsesi.info-nun xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Novxanıda dünya standartlarına uyğun olaraq pulsuz girişə imkan verən və eyni zamanda xidmətləri normal standarta uyğun nümunəvi çimərliyin təqdimatında deyib.

 

O bildirib ki, Novxanıda nümunəvi çimərlik özəl sektor tərəfindən yaradılıb: “Çimərliyə sərmayə özəl sektor tərəfindən yatırılıb. Burada Türkiyə şirkətləri tərəfindən hazırlanmış normal çimərlik standartları tətbiq olunub. Təxminən yarım ilə yaxın bu işin hazırlığı ilə məşğul olmuşuq. Nəticədə çox gözəl çimərlik ərsəyə gəlib. Gördüyünüz kimi burada insanlar üçün hər bir şərait yaradılıb”.

 

 

Nazirin sözlərinə görə, məqsəd ondan ibarətdir ki, Azərbaycanda vahid çimərlik standartları işlənib təsdiqlənsin: “Gələcəkdə yay mövsümü zamanı dəniz qırağında çimərlik xidmətləri göstərmək istəyənlər müqavilə bağlayarkən mütləq bu standartlara əməl etməlidirlər. Artıq burada çox gözəl nümunə yaradılıb. Nümunəvi çimərliyə Bolqarıstan, Gürcüstan, Almaniya və digər başqa ölkələrdən turistlər gəlir. Nümunəvi çimərlik standartları təsdiqləndikdən sonra bütün yerli icra hakimiyyəti orqanlarına tövsiyə olunacaq”.

 

Ə. Qarayev qeyd edib ki, bu gün qarşıda duran əsas məsələ Azərbaycanın beynəlxalq çimərlik standartlarına qoşulmasıdır: “Dünyada böyük bir mavi çimərlik hərəkatı var. Mavi çimərliklərdə bütün standartlara əməl olunur. Biz istərdik ki, Azərbaycan da bu hərəkəta qoşuslun. Bunun üçün isə müəyyən standartlar işlənməlidir. Bu hələlik bizim birinci addımımızdır”.

 

 

Nazir onu da qeyd edib ki, turistlərin Azərbaycanda internet xidmətlərinin zəif olması ilə bağlı şikayətləri araşdırılır.

 

 

Qeyd edək ki, nümunə çimərliyə giriş pulsuzdur. Lakin digər əlavə xidmətlər ödənişlidir.

Gununsesi.info