Nazirlər qeyri-yoluxucu xəstəliklərlə mübarizə üzrə regional planları təsdiq edəcək

  • By admin
  • 13 Sentyabr 2016 10:52

nazir-oqtay

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Dünya Səhiyyə Təşkilatının (DST) Avropa regional komitəsinin Kopenhagendə sentyabrın 12-də öz işinə başlayan 66-cı sessiyasında iştirak edir.

Bu barədə Gununsesi.info-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Sessiyada 53 ölkənin nümayəndələri reproduktiv sağlamlıq sahəsində xidmətlərin gücləndirilməsi, miqrantların sağlamlığının qorunması və qeyri-yoluxucu xəstəliklərlə mübarizə üzrə regional planlarını təsdiq edəcəklər.

Azərbaycanın səhiyyə naziri DST-nin regional bürosuna üzv dövlətlərdən 300-ə yaxın nümayəndənin qatıldığı sessiyada regionda ən çox insan ölümünə səbəb olan qeyri-yoluxucu xəstəliklərlə mübarizə mövzusunda müzakirələrdə iştirak edəcək.

Qeyd edək ki, DST-nin Avropa bürosunun üzvü olan 53 ölkədə bütün ölüm hallarının 86 faizi xroniki xəstəliklər nəticəsində baş verir. Nümayəndələr tarixdə ilk dəfə hepatitlərlə mübarizə üzrə regional fəaliyyət planı təsdiq etmək niyyətindədirlər.

Sessiya sentyabrın 15-dək davam edəcək.

Gununsesi.info