Nazirlərin Moskva görüşü  gözə kül üfürməkdən başqa bir şey deyil - MİLLƏT VƏKİLİ

  • By admin
  • 27 Aprel 2017 14:34
fazail-ibrahimli
 
“Mən bir millət vəkili kimi aprelin 28-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşündən heç bir müsbət nəticə gözləmirəm”.
Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Fəzail İbrahimli deyib.
Onun sözlərinə görə, Azərbaycan hələ də Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu  və beynəlxalq  hüquq normalır çərçivəsində həllinə çalışır.
“Baxmayaraq ki, Azərbaycan bu münaqişənin yaranma səbəbini, konfliktoloji kökünün haradan və necə qaynaqlandığını yaxşı bilir. Azərbaycan onu da yaxşı bilir ki, bu münaqişə Rusiyanın Cənubi Qafqaz  bölgəsini siyasi nüfuz dairəsində saxlaması  üçün yaradılıb və bu məqsəd üçün də istifadə edilir. İndi necə ola bilər ki, problemi yaradan ölkə  birdən-birə problemin həllinə çalışsın?! Nə baş verdi?! Bütün bunlar dünya ictimaiyyətinin gözünə kül üfürmək üçün atılan addımlardır”- deyə, millət vəkili vurğulayıb.
Deputatın fikrincə, burada ikinci əsas məqam ondan ibarətdir ki, münaqişənin həll olunmamasında maraqlı olan digər güclər də mövcuddur:
“Hansı ki, həmin güclərin Qafqaz bölgəsində və Azərbaycanda birbaşa maraqları var. Bu maraqlar bu gün toqquşduğundan münaqişə öz həllini tapmır. Çünki bu qüvvələrin maraqlarının toqquşması münaqişənin həllinə imkan vermir. Elə götürək,  münaqişənin  sülh yoluyla tənzimləməsi məqsədi ilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədr institutunu… Bu üç dövlət  münaqişənin sülh yolu ilə həllinə nail olmalıdır. Ancaq iyirmi ildən artıqdır ki, ortada nəticə yoxdur.
Nəticə ona görə  yoxdur ki,  bu məsələdə üç ölkənin  hər birinin marağı  olduğundan, öz həllini tapmır. Bu ölkələrin maraqları bölgədə uzlaşmadığından və ziddiyyət təşkil etdiyindən,  Qarabağ münaqişəsi həllini tapmır. Yəni, münaqişənin həlli ilə məşğul olan Amerika, Fransa və Rusiyanın maraqları bölgədə toqquşur. Hələ digər dövlətləri demirəm. Necə deyərlər, quzunu qurda tapşırıblar”- deyə, F. İbrahimli vurğulayıb.
Millət vəkili hesab edir  ki, münaqişənin həll olunması üçün ilk növbədə  ATƏT-in Minsk qrupunun həmsədr ölkələri arasında  bir ortaq məxrəc olmalıdır və ondan sonra hansısa  proqressdən danışmaq olar:
“Nə qədər ki, bu ölkələrin bölgədəki maraqları uzlaşmayıb, problemlər aradan qaxlmayıb, Qafqazdakı münaqişələrin həllidən danışmaq tezdir. Hazırda  münaqişənin həlli tapşırılan ölkələr arasında mənafe uğrunda savaş getdiyindən Qarabağ məsələsi kənarda qalıb”.
Belə olan halda Azərbaycanın danışıqlar prosesindən imtina etmək məsələsinə gəldikdə isə F. İbrahimli deyib ki, bu görüşlərdən Azərbaycan imtina edə bilməz.
“Azərbaycan danışıqlardan imtina edərsə, dərhal qarşı tərəf bizi sülhə mane olmaqda ittiham edəcək. Bu görüşlər olmalıdır və biz bundan imtina edə bilmərik. Ən azından bundan istifadə edib, öz mövqeyimizi ortaya qoyuruq. Digər əsas məqam isə  problemi beynəlxalq aləmin gündəliyində saxlayırıq. Yəni, zaman yetişəndə yaranmış situasiyadan yaralanıb, münaqişənin həllinə nail olunsun. Moskva görüşünə gəldikdə isə bir daha deyə bilərəm ki, görüşdən  heç nə gözləmirəm”– deyə, millət vəkili bildirib.
Mürtəza
Gununsesi.info