Nazirlikdən əhaliyə müraciət: “Dərmanları baha alsanız..”

  • By admin
  • 12 May 2016 10:45

derman

İqtisadiyyat Nazirliyi ölkədə dərman alan istehlakçılara müraciət edib.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycanda 10 mindən çox dərman vasitəsi dövlət qeydiyyatına alınıb. İndiyədək Tarif (qiymət) Şurası tərəfindən həmin dərman vasitələrindən 7075-nin qiyməti təsdiq edilib.

Bunlardan 5741-nin qiyməti qüvvəyə minib və hazırda apteklərdə onların satışı təsdiq edilmiş qiymətlərlə həyata keçirilir. Qiymətləri təsdiqlənmiş digər 1334 dərman vasitəsinin yeni qiymətləri isə iyun ayının 1-dən qüvvəyə minəcək. Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qalan hissəsinin qiymətlərinin tənzimlənməsi iyun ayının sonunadək başa çatdırılacaq.

 

Qiymətləri təsdiq edilmiş dərman vasitələrinin, qüvvəyə minmə tarixi də göstərilməklə həm tərkib üzrə, həm də ticarət adına görə ümumi siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində yerləşdirilib, bir sıra kütləvi informasiya vasitələrində dərc edilib. Bu siyahı qiymətlər təsdiqləndikcə yenilənir. Təsdiq olunmuş qiymətləri qüvvəyə minmiş dərman vasitələri ölkə ərazisində bütün apteklərdə tənzimlənmiş qiymətlərlə satılmalıdır. Qeyd olunanları nəzərə alaraq, istehlakçılara qiymətləri təsdiq edilmiş dərman vasitələrinin fərqli qiymətə satılması halı ilə qarşılaşdıqda İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə və ya 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etmələri tövsiyə olunur.