Nazirliyin sektor müdirinə xəbərdarlıq -Gəlininə görə

  • By admin
  • 04 Dekabr 2016 12:13

e 

 

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

Təfəkkür Universitetinin prorektoru İlham Musayev L.Əkbərovanın saxta diplom adı ilə Anarə Məmmədovadan pul tələb etməsindən danışıb: “Mənə dedi ki, diplomun saxta olduğunu deyim, razılaşmadım. Sonra da vəzifəli adamlarla əlaqəsinin olduğunu deyərək mənə hədə-qorxu gəlməyə başladı”.

Zərərçəkmiş Anarə Məmmədovanın vəkili Vasif İsrafilov vəsatət verərək L.Əkbərovanın əri, keçmiş polis rəisi Mahir Əkbərov ilə aralarında olan telefon danışıqlarının məhkəməyə təqdim edilməsini istəyib: “O danışıqlarda cinayət əməllərini etiraf edirlər. Hazırda həmin sübutlar Daxili İşlər Nazirliyində Mahir Əkbərov barəsində ayrıca icraata götürülmüş cinayət işinin istintaqında araşdırılır”.

Məhkəmə kollegiyası vəsatəti təmin edib.

V.İsrafilov daha bir vəsatət verərək təqsirləndirilən L.Əkbərovanın qızı Fidanın və 45 saylı orta məktəbin direktor müavini Rəsmiyyə Nağıyevanın əlavə şahid qismində məhkəyə çağırılmasını istəyib. Vəkil bildirib ki, Fidan saxta sənədlərin hazırlanmasında anasına kömək edib. R.Nağıyeva isə L.Əkbərovanın qanunsuz əməllərindən məlumatlı olub.

Məhkəmə kollegiyası vəsatətə növbəti iclasda baxılacağına qərar verib.

Bu zaman L.Əkbərova qızının məhkəməyə gətirilməsinin müzakirə edilməsinə etiraz edib. Zərərçəkmiş tərəfindən də müdaxiləsindən sonra məhkəmədə mübahisə düşüb.

Hakim bildirib ki, əsas şahidlərdən L.Əkbərovanın əri Mahir Əkbərov və M.Əkbərovun anası Nigar Əkbərova dindirilməyib. Onlar növbəti iclasda da iştirak etməzlərsə, barələrində polisin vasitəsilə məcburi gətirilmə qərarı çıxarılacaq.

Xatırladaq ki, Nigar Əkbərova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Səbail Rayon Şöbəsində sektor müdiri işləyir. Mahir Əkbərov isə Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə şöbəsinin rəisi olub. Bu hadisələrdən sonra polis orqanları sistemindən çıxarılıb. Hazırda onun barəsində baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən Cinayət Məcəlləsinin 320.1-ci maddəsi üzrə başladılan cinayət işinin istintaqı ayrılıb. Bu maddə ilə Mahir Əkbərovun zərərçəkmiş Dəyanət Məmmədova saxta əmək kitabçası hazırlatdırıb verməsi halı araşdırılır.

Məhkəmə prosesi dekabrın 9-da davam etdiriləcək.

Gununsesi.info