Neft Fondunun xərclərinin artırılmasının 2 mühüm səbəbi - TƏHLİL

  • By admin
  • 05 Oktyabr 2017 16:54

neft-fondu-1

Məlum olduğu kimi, prezident İlham Əliyevin fərmanı ilə Dövlət Neft Fondunun (ARDNF) gəlirləri cari il üçün 8.3 milyarddan 10.8 milyard manata, xərcləri isə 14.4 milyarddan 15.2 milyardadək artırılıb. Beləliklə, Neft Fondunun 2017-ci il büdcəsinə edilən dəyişiklikləri nəticəsində onun büdcə gəlirlərinin proqnozları əvvəl təsdiq edilmiş variantla müqayisədə 29,2%, xərc hissəsinin artımı isə 5,2% olub.

Gununsesi.info xəbər verir ki, burada hökumət əvvəlki proqnozlarda hansı dəyişikliklərin aparması maraq kəsb edir.

2017-ci ilin büdcəsində neftin baza qiyməti 40 dollar\barreldən hesablanıb. Lakin ilin birinci yarısında neftin dünya bazarındakı qiymətinin 50 dolların üstündə olması məlumdur. Beynəlxalq analitiklərə görə, ilin ikinci yarısında “qara qızıl”ın orta qiyməti 53-55 dollar\barrel civarında olacaq.  Neft Fondunun gəlirlərinə dair proqnozlaşdırılan artımın əsas səbəblərindən biri budur.

Xərclər bölməsinə gəlincə, burada 2 “xərc bölməsi” üzrə dəyiklik nəzərdə tutulub. Dəyər ifadəsində Neft Fondunun xərcləmələri 759,7. mln manat artdı. Birincisi,  744,7 milyon manatı Türkiyə Respublikasında “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan  Respublikasının iştirak payının maliyyələşdirilməsidir. Qeyd edək ki, dəyişiklikdən əvvəl bu istiqamətdə heç bir vəsait ayrılması nəzərdə tutulmamışdır.

İkincisi isə “Qaçqınların və  məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi” maddəsi üzrə xərclərdir ki, burada 15 milyon manatlıq artımdan söhbət gedir. Belə ki, bu istiqamətdə olan xərclər 90 milyon manatdan 105 milyona qədər yüksəlib.

Qeyd edəki, Star” neft emalı kompleksinin tikintisinə 2011-ci idən başlanılıb.  Neft emalı zavodunun ümumi gücü 10 milyon ton təşkil edəcək və zavodun əsas xammal tədarükçüsü kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti çıxış (SOCAR) edir.

Layihənin Dövlət Neft Fondu tərəfindən maliyyləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin “SOCAR Türkiyə Ege” Neft Emalı Zavodu (STAR) layihəsində Azərbaycan tərəfinin iştirakının dəstəklənməsi məqsədilə əlavə tədbirlər haqqında 4 fevral 2013-cü il tarixli 2698 nömrəli Sərəncamına əsasən həyata keçirilir. Sərəncama əsasən  nizamnamə kapitalı 1,900 milyon ABŞ dolları təşkil edən səhmdar cəmiyyət yaradılmış və Cəmiyyətin səhmlərinin 40%-nin maliyyələşdirilməsi Dövlət Neft Fonduna tapşırılıb.

2016-ci ildə Fonddan zavodun tikintisi üçün 331.8 milyon manat vəsaitin yönəldilib.  Beləliklə, bu ilki xərc istisna olmaqla  layihə üzrə ayrılmış vəsaitin ümumi həcmi 960,2 milyon ABŞ dolları təşkil edib.

Xatırladaq ki, sözügedən zavodun ilkin dəyəri 5.7 milyard dollar hesablanıb və bu il inşaasının başa çatacağı proqnozlaşdırılıdı. Lakin Neft Fondundan əlavə vəsaitin ayrılması onu göstərir ki, proqnozun icrası uzadılacaq. İndiyədək layihənin  maliyyələşməsinin 2,4 milyard dolları SOCAR tərəfindən, 3,3 milyard dolları isə 23 bankdan cəlb edilən kredit hesabına həyata keçirilib.  Belə olan vəziyyətdə əlavə  744.7 milyon manatın ayrılması suallar yaradır. Görünən odur ki, layihənin uzadılması xərclərin də eyni anda artmasına səbəb olub.

Vüsalə Rüstəmova

Gununsesi.info