“Nikoyl” Bankın 4 filalı bağlandı - Kassa yoxlamaları zamanı ciddi pozuntular aşkarlanıb

  • By admin
  • 08 Sentyabr 2016 15:46

nikoil

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası tərəfindən “Nikoyl” İKB ASC-nin 1, 2, 9 və 13 saylı filiallarının fəaliyyətinə xitam verilərək, bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş icazələri ləğv edilib.

Palatadan Gununsesi.info-ya daxil olan məlumata görə, icazələrin ləğv olunmasına səbəb, sözügedən filiallarda Palata tərəfindən müəyyən edilmiş sağlam kreditləşmə normalarına riayət edilməməsi, kassa əməliyyatlarında qanun pozuntusuna yol verilməsi, habelə uçotun təhrif edilməsidir. Bundan əlavə, yerində baxış zamanı bankın filiallarında olan mübadilə kassalarındakı faktiki qalığın balans məlumatından kənarlaşması müəyyən edilib. Belə ki, Palata tərəfindən aparılmış kassa yoxlamaları zamanı, filialların kassalarında xarici valyutanın mövcud olmasına baxmayaraq, satış əməliyyatı aparılmayıb.

Həmçinin, MBNP tərəfindən təsdiq edilmiş “Kredit təşkilatlarında sağlam kreditləşmə və məsuliyyətli borclanma prinsipləri”-nin tələbləri gözlənilməmişdir, borcalanın aylıq borc yükünün onun gəlirinə nisbəti əmsalı pozulub. Palata, xarici valyuta ilə istehlak kreditlərinin verilməsinin 5 aprel 2016-cı il tarixindən bir ay müddətinə qadağan etməsinə baxmayaraq xarici valyutada istehlak kreditlərinin verilməsi faktları aşkarlanıb

Sadalanan səbəblər qeyri-sağlam və dayanıqlı bank təcrübəsinə zidd olmaqla idarəetmə sistemindəki fundamental problemlərdən qaynaqlanıb.

Bütün bunları nəzərə alaraq və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 16.2.7-ci və 48.1.7-ci maddələrini, habelə Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq, “Nikoyl” İKB ASC-nin 1, 2, 9 və 13 saylı filiallarının fəaliyyətlərinə xitam verilərək, bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş müvafiq olaraq 08.11.2013-cü il tarixli 203/2 saylı, 03.02.2005-ci il tarixli 203/3 saylı, 21.02.2013-cü il tarixli 203/15 saylı, və 17.06.2014-cü il tarixli 203/18 saylı icazələr ləğv edilib.

Gununsesi.info