Aktyor Taleh Yüzbəyovun çəkildiyi dondurma reklamı sosial şəbəkələrdə geniş müzakirə olunub.
Reklam çarxında estetik əməliyyat etdirən qadınlara işarə edilərək “təbii dondurma” anlayışı ortaya qoyulub.. Təqdimat tərzi qadın istifadəçilər tərəfindən narazılıqla qarşılanıb.
İstifadəçilər reklamın qadınlarla bağlı köhnə baxışları gücləndirdiyini və alçaldıcı məna daşıdığını bildiriblər.
Məsələ ilə Gununsesi.info-ya danışan brend strateqiyası və marketinq üzrə mütəxəssis Abbasəli Hüseynov bildirib ki, reklamın əsas ideyası “təbii məhsul” anlayışını “təbii qadın görünüşü” ilə assosiasiya etmək idi:

“Viral olmaq həmişə uğurlu marketinq demək deyil. Taleh Yüzbəyovun Almond üçün hazırladığı reklam çarxı Azərbaycan reklam bazarında ən çox müzakirə olunan kampaniyalardan birinə çevrildi. Reklam öz əsas məqsədinə, diqqət çəkməyə nail oldu. Lakin marketinqdə çox vacib bir prinsip var.
Diqqət ilə rəğbət, bunlar da eyni anlayış deyil.
Kreativ baxımdan bu metafora başa düşüləndir. Amma kommunikasiya baxımından çox riskli idi. Çünki məhsul haqqında danışmaq əvəzinə, reklam insanların şəxsi seçimlərinə toxundu”.
Abbasəli Hüseynov qadınların bu reklama niyə xüsusilə sərt reaksiya göstərməsinə toxunub:
“Çünki burada söhbət yalnız estetik əməliyyatdan getmirdi. Reklam bir çox qadında belə bir hiss yaratdı ki, onların şəxsi görünüş seçimi mühakimə olunur. İnsan psixologiyasında ən həssas mövzulardan biri kimlik və özünüifadədir. Xarici görünüş isə bunun ən mühüm hissəsidir. Reklam bu sahəyə toxunduğu anda insanlar artıq dondurmanı deyil, özlərini müdafiə etməyə başlayırlar.
Marketinqdə buna identity threat – yəni “şəxsi kimliyə yönəlmiş təhdid” effekti deyilir”.
Şəbnəm Rəhimova











