Oksana: “Toydan əvvəl iki il ər-arvad kimi yaşadıq” -ŞOK ETİRAFLAR

  • By admin
  • 02 İyul 2016 09:16

oksana

Gununsesi.info rəqqasə Oksana Rəsulovanın aile.lent.az-a müsahibəsini təqdim edir:

– 9 ildir səni tanıyıram, necə görmüşəmsə, elə də qalmısan. Bunun bir sirri var?

– Boyum 1.68 sm, çəkim isə 56 kilodur. Oruc tuturam. Hamı Ramazanda arıqlayır, mən isə əksinə, kökəlirəm. Amma ümumiyyətlə, çəkim hər zaman 52 kiloqram olur. Ramazan bitəndən sonra həmin çəkimə qayıdacam. Ramazanda həmişə 4-5 kilo kökəlirəm, çünki dəhşətli dərəcədə çox yeyirəm. İftardan imsaka qədər çoxlu çay içirəm və yemək yeyirəm. Son 6 ay idi ki, çörəkdən imtina etmişdim. Bunun 3 ayını Hindistanda qaldım. Orda yemək rejimim vardı, idmana gedirdim, çörək yemək olmazdı. Hindistanda normal qidalanmırdım, Azərbaycana gələn kimi başladım çörək yeməyə. Çörəyi dəhşətli dərəcədə çox sevirəm. 2 il əvvələ qədər bütün yeməkləri, hətta aşı, “plemenini”, xaçapurini də çörəklə yeyirdim. Az qala qutabı da çörəklə yeyəm. Çörəksiz ağzımın dadı olmur. İndi isə çörəyi yalnız sulu yeməklərlə yeyirəm. Yeməkdə məhdudiyyətim yoxdur.

– Onda yəqin səni belə incə saxlayan rəqs və idmandır.

– Bəli. Həm də bir ara mədə-bağırsaq problemim var idi, həkim bəzi yeməklərə məhdudiyyət qoydu. 1 ilə yaxın bəzi yeməkləri yemədim. Filmə görə arıqlamalı idim. Ona görə şirniyyatı menyumdan çıxardım, şəkər əvəzləyicidən istifadə edirdim. Şirniyyatları da onunla hazırlayıb yeyirdim. Amma mən özümü arıq hesab etmirəm. İnsan bədənini özündən yaxşı heç kim tanıya bilməz. Bədənində hansı yerlər yaxşıdır, harda artıq ət və ya yağ var bunu ancaq adamın özü bilir. Qıraqdan desələr də ki, sən arıqsan və ya köksən bunu özün qədər heç kim bilmir. Mən daha yaxşı bilirəm bədənimdə nə çatır, nə çatmır, hansı nöqsanlarım var. Hazırda bilirəm ki, kökəlmişəm.

– Özünə necə qulluq edirsən və buna nə qədər vaxt ayırırsan?

– Ən böyük sirrim və həyat tərzim budur – gündəlik həyatda kosmetikadan istifadə etmirəm. Yalnız tədbir, çəkiliş, mühüm görüşlər olanda bir az dodaq boyası və ənlik vura bilərəm. Gündəlik gigiyenik parıldadıcı dodaq boyasından istifadə edirəm. Çalışıram üz dərim hər zaman nəfəs alsın. Çünki o qədər qrimdə oluram ki, dərinin istirahətə ehtiyacı olur. Üzündə kosmetika ilə yatıb-duran qadınlar var ki, səhər eyni makiyajda olsunlar. Heç vaxt üzümdə makiyajla yata bilmərəm. Gözün üstü bürüşür, dəridə məsamələr böyüyür. Həm də kosmetika yatağa ləkələr sala bilər. Bu, ilk növbədə insanın özü,  sonra dərisi üçün gigiyenik deyil. Bütün dermatoloqlar deyir ki, sabunla üz yumaq olmaz. Amma mən deyirəm olar. Qadınların çoxu üz təmizləyici vasitə almağa pulu olmadığından şikayət edir. Apteklərdə “дегтярное мыло” adlı qara rəngli sabun satılır. Bu sabun dərini təmizləyir, təravətli saxlayır, bütün kosmetik vasitələri gözəl yuyub təmizləyir, çox yaxşı köpüklənir, ucuz və keyfiyyətlidir. Əgər dəriniz qurudursa, onu yağlandırır, yağlıdırsa, normal hala gətirir, çivzələri qurudur, məsamələri yığır. Qiyməti cəmi 3-4 manatdır və 2 aya bəs edir. Bundan başqa, ev şəraitində üzümə qulluq və təravətləndirici maskalar edirəm. Kosmetoloqa yalnız ildə bir-iki dəfə dəri təmizliyinə gedə bilərəm. İldən ilə yaş üstünə yaş gəlir, ona görə bəzi dəriyə qulluq kosmetik prosedurlarından bəhrələnirəm.

– Deməli, gözəllik salonlarında çox olmursan.

– Saçlarım yalınız gözəllik salonlarında yuyulur. Evdə duş qəbul edirəm, saçlarımı isə gözəllik salonlarında yudurdub səliqəyə saldırıram. Hər 3 gündən bir gözəllik salonunda saçlarım yuyulur və səliqəyə salınır. Saçlarımın da çox yaxşı xüsusiyyəti var, düzləşmə və ya buruq növbəti dəfə yuyulanadək qalır. Saçlarım heç vaxt yağlanmır və çirklənmir. Saçlarımı tez-tez yumuram. Qısa saçlı insanlara yazığım gəlir. Qısa saçlar tez yağlanır və onlar hər gün saç yumaq məcburiyyətində qalırlar. Hər gün saç yumaq ziyandır. Hər gün çimmək olar, amma saç yumaq yox. Çünki saç dərisində saçları vitaminlə təmin edən,  qurumağa qoymayan yağlar yuyulduqca azalır. Mənim saç baxımından bəxtim gətirib.

– Çox insan Hindistan yeməklərini yeyə bilmir. Sən ora tez-tez gedirsən və uzun müddət qalırsan. Hind mətbəxinə öyrəşə bilmisən?

– Çox gözəl öyrəşmişəm. Hindistan yeməklərini əvvəlcə burada dadmışdım. Hindistana gedəndə nə yeyəcəyimi artıq bilirdim. Bütün hind yeməklərinin dadına baxmışam. Bəlkə adlarını unutmuşam, çünki qəlizdir. Ancaq sevdiyim yeməklərin adlarını bilirəm və orada hansısa restorana gedəndə öz istədiyim yeməkləri sifariş verə bilirəm. Hind yeməklərinin əksəriyyətini sevirəm. Ağız dadımıza görə bəzi yeməklər bizə çox duzlu, istiotlu, ədviyyatlı gələ bilər. Hindistanda oruc tutanda bütün yeməkləri özüm bişirirdim, çünki bəzi yeməklər duzlu olurdu, məni susada bilərdi. İftara 1 saat qalmış stolumu açırdım, yeməkləri, salatları, xurmanı, suyu stola düzüb iftarı gözləyirdim. Yəni iftara təmtəraqlı hazırlaşıram. Özümə qurman deyə bilərəm.

– Yemək bişirməklə də aran yaxşıdır?

– Çox adam deyir ki, Oksanadır da, yemək bişirə bilməz, rəqsdən başqa heç nə bacarmır. Amma yox, bişirirəm, əlimin duzu var. O gün özümə türk plovu və soğan, göbələk, toyuqdan ibarət yemək bişirmişdim, üstünə də göyərti vurmuşdum. Çox dadlı olmuşdu. Anam da yedi, bəyəndi. Mən də qürurla dedim ki, özüm bişirmişəm. Əlimdən ən ləzzətli çıxan yemək şorbadır. İstədiyin növ şorbanı bişirə bilərəm. Borşu da mükəmməl hazırlayıram. Ən zəif alınan yemək dovğadır. Çünki göyərtini xırda doğraya bilmirəm.

– Sənin bədən ölçülərinə uyğun geyim tapmaq da çətin olmaz. Həm də fikir vermişəm, gündəlik geyimlərində daha çox idman üslubuna üstünlük verirsən.

– Ölçüm S-dir. Ayaq ölçüm də 37-dir. İstədiyim geyimi asanlıqla tapa bilirəm. Əsasən cins, “tangetka”, “krasovka”, yəni ancaq idman üslubunda geyinirəm. Yalnız səhnə geyimlərimi tikdirirəm. Brend asılılığım yoxdur. Amma ayaqqabı və çantalarım hər zaman brend olub. İldə 1 dəfə çanta almışam, amma brend almışam. Çünki 6-7 il götürdüyüm çantalar var. Elə keyfiyyətlidir ki, hər zaman istifadə edə bilirəm. Lakin gedim 3 min dollara köynək, 2500 dollara cins alım, yox, bu, mənlik deyil. Bəli, dükanlar, dostlarım, fanatlarım bahalı geyim hədiyyə verirlər mənə. Əynimdəki cins “Prada”dandır, endirim zamanı 500 manata almışam. Bura qədər özümə icazə verə bilərəm, çünki Almaniyada mağazanın özündən almışam. Min manatlıq da köynəyim var, 1 dəfə istəmişəm və almışam. Amma bundan o tərəfə yox. Ən sevdiyim geyim brendləri “Gucci”, “Dolce Gabbana”, ayaqqabı brendi “Louis Vuitton”, “İvsen Loren”dir, çantalarımın çoxu “Selin” və “Louis Vuitton”dandır.

– İndiyədək sənə verilən ən bahalı hədiyyə nə olub?

– 6 il əvvəl pərəstişkarım 19 min dollarlıq boyunbağı bağışlamışdı. Bahalı hədiyyələrim çox olub.

– Bəs özün indiyədək ən çox pulu nəyə xərcləmisən?

– Ən çox pulu Hindistanda xərcləyirəm, aksessuarlara, geyimlərə, sarilərə və dost-tanış, ailə üzvlərimə hədiyyələr alıram. Yeni klipim üçün Hindistandan gətirdiyim parçalardan geyimlər tikdirdik. Ən çox pulu ayaqqabıya xərcləmişəm. Ayaqqabı qarderobumda 6-7 minlik ayaqqabı da var. Qızıl-zinət əşyalarını sevmirəm, ona görə onlara pul xərcləmirəm. Amma aksessuarları sevirəm. Hind rəqslərində çox aksessuarladan istifadə edirəm, ona görə də gündəlik sadə aksessaurlar taxıram.

– Heç bir xanımı ətirsiz təsəvvür etmək olmaz.

– Olmaz. Amma mənim anam ətir vurmayanda ondan çox gözəl qoxu gəlir. Bəzən insanın öz dərisindən də çox gözəl iyi gəlir. Çox vaxt olub ki, ətir vurmaq yadımdan çıxıb, həmin günü bir neçə yerə getmişəm, görüşlərim olub, amma heç kim ətir vurmadığımı hiss etməyib. Özüm də bundan narahat olmamışam. Amma ətir vurmağı sevirəm. Mənim üçün əsas brend yox, parfümün qoxusudur. Amma brendə də baxıram. Ucuz ətir vurmaram. Çünki dərimin zədələnməsindən qorxuram. Ətir hədiyyə etməyi və almağı sevirəm.

– Maraqlıdır, sənə nə hədiyyə etsələr, sevinərsən?

– Ev, maşın (gülür). İstərdim, böyük, gözəl bağ evim olsun.

– Belə gənc, cazibədar, şən, şıltaq xanımın pərəstişkarları da çox olur. Tez-tez sevgi və evlənmək təklifi alırsınız?

– Sevgi və evlənmək təklif edənlər çoxdur. Amma mən onların hamısını rədd edirəm. Çünki məni maraqlandırmır. Başımı sevgi ilə qarışdırmaq, eşq-məhəbbət hələ istəmirəm. Karyera qurmaq niyyətindəyəm, aktrisa kimi fəaliyyətə başlamışam, film layihələrim var, rəqs məktəbi açıram, Hindistanda fəaliyyətimi davam etdirirəm. Başım karyerama o qədər qarışıb ki, başqa mövzular haqda düşünməyə vaxtım yoxdur. İnsanlar inanmır ki, mənim həyatımda sevgi mövcud deyil. Kişilərə ayırmağa vaxtım yoxdur. Yalnız kişi dostlarım var – atam, qardaşım, iki nəfər də kişi dostum var, onları özümə qardaş hesab edirəm. Biri Şəhriyar Əbilov, digəri Fariz Əliyevdir. Onlar mənə qadın kimi yox, kişi kimi baxırlar, “qardaş” deyirlər. Söhbətimiz tutur. Biz hər zaman müxtəlif mövzularda fikir mübadiləsi aparırıq, mübahisələr, yaradıcılıq söhbətləri edirik.

– Oksananın həyatında ömürlük yer tutacaq kişi necə olmalıdır?

– Çox mədəni, mənə hörmət edən, dünyagörüşü, intellektual səviyyəsi yüksək olsun. Həyatımdakı kişi kasıb olmamalıdır. Məhəbbət lazım deyil, istəmirəm. Onsuz da mən də indən sonra heç kimi sevməyəcəm. Amma o, məni sevə bilər.

– Bəs bu tələblərinin qarşılığında nə verirsən?

– Mən də ona öz hörmətimi diqqət, qayğımı verirəm, hər zaman onun yanında olacam, həyatımı ona həsr edəcəm. Amma rəqs və kino karyerama qadağa qoymasın. Mənim istədiyim kimi insanlar isə azdır. Bəlkə də olmadığı üçün mən indi təkəm və olmasını da istəmirəm. İstəmirəm yanımda kimsə olsun. İndi mənə belə rahatdır.

– Bəlkə sevgidə yanıldığın üçün bir daha sevməyəcəyini deyirsən?

– Artıq məhəbbətə “son” demişəm. Neçə dəfə sevgidə yanılmışam. Bəlkə də düşündüklərim heç məhəbbət deyilmiş. Axırıncı məhəbbətimi həqiqi hesab edirdim. Amma onda da yenə yanıldım. Yanıldığım üçün də bir daha məhəbbət yaşamaq istəmirəm. Ümumiyyətlə, hələ ki, ailə həyatı barədə düşünmürəm. Yaxın 2 il üçün belə bir fikrim yoxdur. Bəlkə 3-5 ilə ailə quraram.

– Amma bütün xanımlar nə zamansa ana olmaq istəyir.

– Anam deyir, ərə get, uşağın olsun. Yəni ailə qurmağımı, ailəm, uşağım olmasını istəyir. Mən də deyirəm, ay mama, camaat illərdir ailəlidir, amma uşağı yoxdur. Elə insanlar var ki, ümumiyyətlə, heç vaxt ailə qurmayıb və ya qurmayacaq, fiziki qüsurlu insanlar var. Əgər mənim də həyatımda ailə, uşaq yoxdursa, buna məcbur necə nail olum? Bu, mənim əlimdə deyil. Uşaq dünyaya gəlməsi üçün Azərbaycan mentalitetində mütləq ailə qurmalısan. Ailəm yoxdursa, uşağı necə dünyaya gətirim? Özümə qalsa, tək ana olmaq istəyərəm. Amma bu, bizim imkanlar xaricindədir. Çox demokratik düşüncəli insanam. Əgər mənim beynimə girsə və görsəm ki, vaxt gedir, hələ də yanımda mənə layiq insan yoxdur, ərsiz, tək ana olmağa hazıram və ola bilərəm.

– Bəlkə sevgidə yanılmalarının səbəbi emosionallığın, hisslərinə qapılmağındır?

– Hisslərə qapılsam dəli olaram, evdən kənara çıxmaram, depressiyaya düşərəm. Ona görə də həmişə ora-bura qaçıram. Mən dayana bilmərəm, dayansam, dəli olaram. Amma doğrudan da hisslərimə qapılsam, düşünmədən addım ataram. Ona görə də artıq sevməyəcəyimə söz vermişəm.

– İlk evliliyini də hisslərə qapılaraq etmişdin?

– Elşaddan əvvəlki ailə həyatım sevgi-məhəbbət üzərində qurulmamışdı. O, məni sevirdi, mən onu yox. Məndən 20 yaş böyük idi. Hələ də ona geri dönə bilərəm. O adama ona görə ərə getdim ki, mənə çox hörmət edirdi, qızı kimi, doğma insan kimi baxırdı, qayğımı çəkirdi. Mən də ona hörmət edirdim. Həmin vaxt ona ehtiyacım var idi. O, məni çox, hədsiz dərəcədə sevirdi. Hətta bütün dava-dalaş, mübahisələrdən sonra da zəng vurub üzr istədi, geri qayıtmağımı xahiş etdi. Dedi “istəyirsənsə, etiraf edim ki, danışdıqlarımın heç biri düz deyil, təki mənə qayıt”. Bu dəqiqə istəsəm, ona qayıda bilərəm. O da həyatını qurmayıb. Həmin xoşagəlməz hadisədən sonra bizim aramızda bir kəlmə də pis söhbət olmayıb. Düşünürəm ki, o, mənə qarşı etdiyi pis hərəkətləri sevgisindən edib. Amma buna baxmayaraq, mənə çox böyük zərbə vurmuşdu. Ona görə də ona nifrət edirəm.

– Elşad Xoseni isə sevdiyini düşünürdün. Ailə qurmağınız bir çoxlarını təəccübləndirdiyi kimi, ayrılmağınıza təəssüflənənlər də oldu.
– Mən onun insanlığına vurulmuşdum. Onun seviləcək çox şeyləri var idi. Həm də pis vərdişlərindən çoxdan əl çəkmişdi. Bunu hamıya da sübut etmişdi. Onu bir insan kimi çox sevirdim, hədsiz dərəcədə. Bəlkə də ürəyimin yarısı hələ də ona aiddir. İki il yarım kəbinli ər-arvad kimi birlikdə yaşadıq. Sonra evləndik, toyumuz oldu. Çoxları elə düşünürdü ki, bizim evliliyimiz qurmadır. Deyirdilər ki, pul yığmağa görə evləniblər, iki aydan sonra boşanacaqlar. Həqiqətən də 2 aydan sonra boşandıq, amma başqa səbəbdən. Bizim ayrılmaq üçün mühüm səbəblərimiz oldu. Əsasən həyat tərzimiz ayrılmağımıza gətirib çıxardı. Amma mən onu özümə tabe etmişdim, onu ailəm etmişdim. Onun da, mənim də həyat tərzimiz tamamilə dəyişmişdi. İkimiz də tamamilə başqa cür olmuşduq, yeni həyata başlamışdıq. Sonra elə hadisələr baş verdi ki, olmamalı idi. Həyatımın ən xoşbəxt və ən kədərli günləri onunla keçib… Amma indiyədək yaxşı münasibətimiz var, bir-birimizi görəndə lap öpüşüb-görüşürük də. Rol aldığım “Şər qarışanda” filminin premyerasına gəlmişdi, aktrisalıq debütümü təbrik etdi, hədiyyə verdi.

– Yenidən birlikdə olmaq şansınız və istəyiniz varmı?

– Həyatda hər şey ola bilər, hər bir möcüzəni gözləyirəm. Mən özümü heç nədən sığortalamamışam. Bəlkə indi yox, 5-10 ildən sonra biz yenidən birlikdə olduq. Amma hazırda ayrı yaşayırıq, həyata ayrı düşüncələrlə baxırıq. Yenə də bir-birimizin uğurlarına sevinirik. Yaxşı ki, biz düşmən deyilik, dost kimi qalmışıq.

– Hindistana tez-tez gedib gəlirsən. Ola bilərmi ki, həyatını birdəfəlik ora ilə bağlayasan?

– Heç vaxt əcnəbi kişiyə ərə getmərəm. Bizim öz oğlanlarımıza nə olub ki?

– Model Günay Musayeva heç vaxt azərbaycanlı kişi ilə nəinki ailə quracağını, hətta sevgili də olmayacağını deyib.

– Bu, Günayın şəxsi fikridir, hörmətlə yanaşıram. O, Türkiyədə böyüyüb, yaşayır. Mən Hindistanda nə böyümüşəm, nə də yaşamışam. Sadəcə olaraq son 3 ildə gedib-gəlirəm, müddətli yaşayıram. Amma bu o demək deyil ki, Hindistana ərə gedərəm. Yox, gedə bilmərəm. Ümumiyyətlə, əcnəbiyə ərə getmərəm. Yalnız azərbaycanlı kişiylə ailə quraram.