Ombudsman beynəlxalq seminarda iştirak edib

  • Müəllif: admin
  • 19 Oktyabr 2016 10:35

elmira

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova  oktyabrın 12-13-də Əbu-Dabidə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının BMT-nin Ali Komissarının İnsan Hüquqları üzrə Ofisi və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin birgə təşkilatçılığı ilə keçirtdiyi “İnkişaf Hüququ” mövzusunda beynəlxalq seminarda iştirak edib.

Bu haqda Gununsesi.info-ya Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.  Belə ki, İnkişaf Hüququ üzrə Bəyannamənin 30 illiyinə həsr olunmuş tədbirə İƏT-ə üzv olan 50-ə yaxın ölkənin və təşkilat yanında müşahidəçi dövlətlərin, həmçinin onların milli insan hüquqları təsisatlarının nümayəndələri, ombudsmanlar və müvafiq regional və beynəlxalq təşkilatların ekspertləri, eyni zamanda BMT-nin və BƏƏ-nin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin yüksək vəzifəli nümayəndələri qatılıb.

Tədbirin məqsədi BMT-nin müvafiq Bəyannaməsinə uyğun olaraq inkişaf hüququna diqqətin çəkilməsi, bu sahədə əldə edilən nailiyyətlərin qiymətləndirilməsi, hər bir kəsin bu hüquqdan yararlanmasının, onun özünün iştirakının təmin edilməsi istiqamətində görülən işlər barəsində təcrübə və fikir mübadiləsi aparmaqdır.

Seminarda iştirak edən Azərbaycan Respublikasının Ombudsmanı Elmira Süleymanova “İnkişaf hüququnu təmin edilməsi: Azərbaycan perspektivləri” mövzusunda çıxış edərək, bu sahədə ölkədə aparılan davamlı fəaliyyət barədə məlumat vermiş, respublikada müvafiq milli fəaliyyət planlarının və dövlət proqramlarının qəbul edildiyini, qanunvericiliyin təkmilləşməsi istiqamətində görülən tədbirlər nəticəsində yoxsulluğun aradan qaldırılması, sürətli və davamlı iqtisadi inkişafın, sosial, mədəni və digər sahələrdə uğurların əldə olunduğunu bildirib.

Ombudsman ölkəmizin məruz qaldığı işğalçı siyasət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun respublikaya vurduğu ziyan, beynəlxalq təşkilatların, o cümlədən İƏT-in bu məsələdə Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini bildirmiş, təşkilatın bu münaqişə, o cümlədən ilk dəfə olaraq Xocalı soyqırımını məhz soyqırım kimi tanıyan qətnamələr qəbul etməsi barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.

Ölkəmizin uğurlu inkişaf modelini tətbiq etdiyini bildirən Ombudsman, burada multikultural dəyərlərin, tolerantlıq ənənələrin əsrlər boyu yaşadığını bildirmiş, ölkədə mötəbər beynəlxalq tədbirlərin, o cümlədən Forumların, müsabiqə, idman oyunlarının keçirildiyini bildirərək, Azərbaycanın 2017-ci ildə İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcəyini bildirib.

Ombudsmanın İnkişaf hüququnun təmini sahəsində  gördüyü işlər, innovativ təşəbbüsləri tədbir iştirakçıların diqqətinə çatdırılmış və maraqla qarşılanıb.

Gülnaz Qənbərli

Gununsesi.info