Ombudsman 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib

  • Müəllif: admin
  • 31 Mart 2017 15:04

 

ombudsman

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova hər il olduğu kimi,31 mart – Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar silsilə tədbirlər təşkil edib.

Gununsesi.info-ya Ombudsmanın mətbuat xidmətindən verilən məlumata görə,  Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən Göygöl rayonu Quşqara kənd tam orta məktəbində, Cəlilabad Regional Mərkəzi tərəfindən Lənkəran rayonunun Girdəni bələdiyyəsində, Astara şəhər 1 saylı, Biləsuvar rayonu M.Piriyev adına Əliabad kənd, Cəlilabad şəhər 1, 2, 4 və 8 saylı tam orta məktəblərində, Şəki Regional Mərkəzi tərəfindən Qəbələ rayonunun Kötüklü kəndində, Şəki şəhər Fizika-Riyaziyyat və Humanitar Təmayüllü Liseydə, habelə Quba Regional Mərkəzi tərəfindən Quba şəhərində tədbirlər keçirilib.

Bu tədbirlərdə yerli icra hakimiyyəti orqanlarının əməkdaşları,bələdiyyə üzvləri, ziyalılar, ağsaqqallar, din xadimləri, fəal gənclər, yerli icmaların və milli azlıqlarınnümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.

Öncə Soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ombudsmanın regional mərkəzlərinin rəhbərləri çıxışlarında qeyd ediblər ki, ermənilərin xalqımıza qarşı törətdiyi qanlı faciələrdən biri də 1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarşı soyqırımı hadisələridir. İştirakçılara 31 mart və 1-2 aprel tarixlərində qırğınların kütləvi şəkil alması, silahlanmış erməni əsgərlərinin dinc əhalini amansızcasına qətlə yetirmələri, qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində yüz minlərlə soydaşımızın qəddarlıqla öldürülməsi, tarixi binaların, məscidlərin, məktəblərin dağıdılmasıbarədə məlumat verilib. Ümummilli liderimiz Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci tarixli Fərmanı ilə bu hadisələrəilk dəfə siyasi qiymət verilməsi və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldıqlarının rəsmi surətdə bəyan edilməsi, habelə digər mühüm məqamlar xüsusi vurğulanıb.

Qeyd olunub ki, son dövrdə Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılıb. Belə ki, tapılan saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni qatillərinin vəhşiliyini və vandalizmini təsdiqləyən əyani dəlillərdir.

Bu ərazidə on minlərlə insanın qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq Quba Soyqırımı Memorial Kompleksi yaradılıb və ölkəmizin əhalisi, həmçinin xarici qonaqlar tərəfindən bu kompleks ziyarət olunur.

Ombudsman tərəfindən hər il olduğu kimi, bu ildə31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Bəyanat verildiyi, həmin bəyanatın ölkəmizdə yayıldığı, habelə BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, YUNESKO-ya, İslam Əməkdaşlıq Təşkilatına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərildiyi diqqətə çatdırılıb.

Silsilə tədbirlərdə Müvəkkil E.Süleymanovanın Bəyanatı səsləndirilib.

İştirakçılar belə əhəmiyyətli tədbirlərin təşkil olunmasına görə Ombudsmana  minnətdarlıqlarını bildiriblər.

Gülnaz Qənbərli

Gununsesi.info