
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq, 21 avqust – 21 sentyabr tarixlərində “Sülh aylığı” keçirilir.
Gununsesi.info-nun xəbərinə görə, həmin aylıq çərçivəsində Ombudsmanın Quba Regional Mərkəzi tərəfindən bu günlərdə Xaçmaz rayon Mərkəzi kitabxanasında və Siyəzən rayon Zarat kəndində silsilə tədbirlər təşkil olunub.
Tədbirlərdə yerli icra hakimiyyəti orqanlarının, digər dövlət qurumlarının, habelə dini icmaların və geniş ictimaiyyətin nümayəndələri, o cümlədən mədəniyyət sahəsində çalışan şəxslər iştirak ediblər.
Quba Regional Mərkəzin rəhbəri Bəhruz Əfəndiyev ilk öncə Ombudsmanın salamlarını və xoş arzularını tədbir iştirakçılarına çatdırıb. O, çıxış edərək Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq hər il ölkəmizdə “Sülh aylığı” keçirildiyi barədə məlumat verib. Bu məqsədlə Ombudsman tərəfindən dövlət orqanlarına, şəhər və rayon icra hakimiyyətlərinə, Milli QHT Forumuna məktubla müraciət edildiyi və bununla əlaqədar çoxsaylı silsilə tədbirlər təşkil olunduğu bildirilib.
Tədbirlərdə 21 sentyabr – Beynəlxalq Sülh Gününün yaranma tarixi, “Sülh aylığı”nın mahiyyəti, Müvəkkil tərəfindən nüfuzlu beynəlxalq təşkilatlara və xarici ombudsmanlara göndərilmiş bəyanatlar, E.Süleymanovanın sülh təşəbbüsləri barədə ətraflı məlumat verilib.
Səmərəli fikir mübadiləsi aparılaraq, tədbir iştirakçılarının sualları ətraflı cavablandırılıb. Sonda iştirakçılar Ombudsman təsisatında hazırlanmış hüquqi nəşrlərlə tanış olublar.
Aylıq çərçivəsində keçirilən tədbirlər davam etdirilir.
Gülnaz Qənbərli
Gununsesi.info









