Oqtay Əsədov: “Biz vahid xətt yürüdürük”

  • By admin
  • 24 Noyabr 2016 15:30
oqtay
Rusiya Azərbaycanla  konstruktiv münasibətlərin inkişafı istiqamətində səylərini davam etdirəcək.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin Sankt-Peterburqda Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla görüşdə deyib.
Rusiya və Azərbaycan parlamentlərinə seçkilər keçirildiyini qeyd edən Dövlət Dumasının sədri beynəlxalq müşahidəçilər missiyasında fəal iştirakına görə azərbaycanlı tərəfdaşlara minnətdarlığını bildirib.
Ölkələrimizin parlamentləri arasında münasibətlərə toxunan Vyaçeslav Volodin Rusiya və Azərbaycan qanunvericilik hakimiyyətlərinin nümayəndələrinin intensiv dialoqu barədə deyib: “Noyabrın 24-də MDB Parlamentlərarası Assambleya Şurasının sessiyası çərçivəsində dialoq davam edəcək. Ölkələrimizin sıx münasibətləri var, müxtəlif səviyyələrdə əlaqələr inkişaf edir. Biz konstruktiv münasibətlərin inkişafı istiqamətində səylərimizi davam etdirəcəyik”.
Milli Məclisin Sədri Oqtay Əsədov da öz növbəsində Rusiya Dövlət Dumasının sədri vəzifəsinə seçilməsi münasibətilə Vyaçeslav Volodini təbrik edib və onun böyük təcrübəsinin ölkə parlamentinə yeni töhfə, yeni ruh verəcəyinə əminliyini söyləyib.
Azərbaycan ilə Rusiya arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulayan Oqtay Əsədov bildirib ki, əlaqələrimizin inkişafında dövlətlərimizin başçılarının qarşılıqlı rəsmi səfərlərinin böyük rolu olub: “Prezidentlərin siyasi dialoqu sayəsində əlaqələrimiz strateji xarakter alıb.  Parlament nümayəndə heyətlərimiz beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər. Biz vahid xətt yürüdürük, bir-birimizi dəstəkləyirik. Parlamentlərimizdə dostluq qrupları fəaliyyət göstərir. Rusiya Federasiyasının yeni parlamentində yeni qrup təşkil ediləcək. Əminəm ki, bu qrup ilə də səmərəli əməkdaşlıq davam edəcək”.
Ölkələrimiz arasında 200-dən çox ikitərəfli sənədin imzalandığını xatırladan Milli Məclisin sədri daha sonra deyib ki, bu onu göstərir ki, güclü hüquqi bazamız var.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, MDB Parlamentlərarası Assambleya Şurasının baş katibinin müavini Aydın Cəfərov, Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski, Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərin işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov və başqaları iştirak ediblər.
Qeyd edək ki, Milli Məclisin Sədri Oqtay Əsədov bu gün MDB PA-nın Şura iclasına qatılacaq. 
İclasda qurumun 25 illiyinə hazırlıq tədbirləri, təşkilata üzv ölkələrdə seçkilərin müşahidəsinin təşkili, Azərbaycanda və Tacikistanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilmiş referendumlarda qurumun nümayəndələrinin iştirakı, Belarus parlamentinə və Rusiya Dövlət Dumasına seçkilərin monitorinqi, Moldovada prezident seçkiləri barədə məsələlərə baxılacaq, təşkilatın gələn il üçün iş planı nəzərdən keçiriləcək.
Parlament nümayəndə heyətinin Sankt-Peterburqa səfəri davam edir. 
Mürtəza
Gununsesi.info