Pərviz Həşimli: “Habil Vəliyev “MTN İşi” ilə bağlı istintaqa cəlb olunmalıdır” - ONU QORUYAN AYRICA HAKİM DƏ AYRILMIŞDI

  • By admin
  • 09 Dekabr 2016 00:07

pp

“Onun qəzeti MTN-nin himayəsi altında idi”

“Hələ bir neçə ay əvvəl müəyyən qaynaqlara istinadən Azərbaycan hökumətinin “reket jurnalistlər”in həbsinə başlayacağını yazmışdıq. Həmin xəbərimizdə Azərbaycan məmuru, həkimi, sahibkarı üçün “Qoçu Əsgər” rolunu oynayan Habil Vəliyevin də qandallacağını ictimaiyyətə elan etdik”. 
Bu fikirləri Gununsesi.info saytının baş redaktoru Pərviz Həşimli DTX-nin “reket media” ətrafında apardığı son əməliyyatlara münasibətində söyləyib.
Bununla belə Pərviz Həşimli söyləyib ki, Habil Vəliyevin uzun illər cəzasızlıq mühitində qalması onun MTN tərəfindən himayə olunmasıyla bağlı olub: “Bu adam heç kəsi saymırdı. Çünki, MTN tərəfindən birmənalı müdafiə olunurdu. MTN-nin şərləyərək pul almaq istədiyi məmur, sahibkar barəsində ona informasiya sızdırdırdı və həmin informasiya qəzetdə gedəndən sonra qurban tora düşürdü. Mənim dəqiq məlumatım olub ki, Habil Vəliyev üçün MTN ayrıca Yasamal məhkəməsində hakim belə ayırmışdı. Habil Vəliyevdən olan bütün şikayətlər Akşin Əfəndiyevə verilirdi və o da onu məsuliyyətdən xilas edirdi. Həmin hakim 2 ay əvvəl işdən qovulub. Ona görə də hesab edirəm ki, Habil Vəliyev “MTN işi” çərçivəsində istintaqa cəlb olunmalıdır. MTN dağılandan sonra maraq üçün o qəzeti bir neçə gün monitorinq etdim. Şantaj xarakterli yazılardan əsər-əlamət yoxdu. Təhlükəsinin sovuşduğunu gördükdən sonra yenidən ampulasına qayıtdı”.
Pərviz Həşimli xatırladır ki, hələ həbsindən 1-2 ay öncədən MTN “Gündəlik-Bakı” adlı qəzetdə onun  və bəzi yüksək vəzifəli məmurlar barəsində böhtan xarakterli sifarişləri dərc olunub: “O qəzet ciddi qəbul olunmurdu deyə, ona cavab verməyi lüzum görmürdük. Ancaq məni həbs edəndə MTN generalları “Gündəlik-Bakı”da yazdırdıqlarını qabağıma qoydular”.
Musavat.com