
“Banklar iqtisadi tozsoran kimi fəaliyyət göstərməməlidir. İqtisadiyyatda toplanmış vəsaitləri toplayıb, bank yaratmaq və bununla da bir toplumun, ailənin, biznesin ehtiyaclarına yönəlməməlidir. Bu, iqtisadi tarazlıqları pozur”.
Gununsesi.info xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MNBP) sədri Rüfət Aslanlı deyib.
Onun sözlərinə görə, bankların öz fəaliyyət çərçivəsindən kənara çıxaraq, aidiyyatı şəxslərlə həyata keçirdiyi əməliyyatlara ciddi nəzarət olunmağa başlanılıb.
“Bura digər əməliyyatlarla yanaşı, bankların müştərilərin əmlakını qiymətləndirmə məsələləri də aiddir. Banklar onlara aidiyyatı olan şəxslərlə əməliyyatdan qaçmalıdır. Qanun da bunu deyir. Biz də nəzarət orqanı olaraq bu məsələdə barışmaz və ədalətli mövqü tuturuq. Bundan sonra da biz bu mövqedə olacağıq”- deyə, R.Aslanlı vurğulayıb.
“Banklar haqqında” qanuna edilən dəyişikliklə bankların fəaliyyətinə inzibati nəzarətin sərtləşdirilməsi ilə bağlı səslənən fikirlərə gəldikdə R.Aslanlı deyib ki, onların əməliyyat müstəqilliyinə müdaxilə etmirlər.
“Etmək də olmaz. Banklar özləri hansı əməliyyatı edəcək, hansı fazilə kredit verəcək, bunu özləri müəyyən edəcək. Biz sadəcə, bankların qanundankənar əməliyyatlarına, eyni zamanda, üzərlərinə götürdükləri öhdəliyi pozmasınına qarşıyıq. Bankların bu fəaliyyətinin tənzimlənməsinə inzibati nəzarətin tətbiqini isə banklara inzibati nəzarətin sərtləşdirilməsi kimi adlandırlması düz deyil. Cəzalandırlmalı olanı cəzalandırmalıyıq ki, cəzasızlıq mühiti yaranmasın. Bankların qanunvericilik qaydalarına pozmasına görə, nəzarət mexanizminin başqa forması yoxdur”- deyə, MBNP sədri bildirib.
Mürtəza
Gununsesi.info









