
“Palmali” Şirkətlər Qrupu “Debevoise & Plimpton” beynəlxalq arbitraj hüquq firması vəkillərinin vasitəsiylə müqavilənin şərtlərinə əməl etmədiyinə görə “Litaska” Rusiyanın neft nəhəngi “Lukoil”in İsveçrədəki şirkətini məhkəməyə verib.
“Palmali” Şirkətlər Qrupunun mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, “Palmali” dəyən ziyanı aradan qaldırmaq üçün İngiltərənin Ali Məhkəməsinə üz tutub.
Xatırladaq ki, “Palmali” “Lukoil”in neft məhsullarını öz gəmiləri vasitəsilə daşımaq barədə razılığa gəlmişdi. Hətta sözügedən şirkətlər arasında buna dair 10 illik müqavilə imzalanmışdı. Amma ruslar müqavilənin şərtlərinə əməl etməməyə başlayıblar və Mənsimov da nəhəng neft şirkətini məhkəməyə vermək məcburiyyətində qalıb. “Palmali” müqavilənin şərtlərinə əməl etməyən qarşı tərəfdən 2 milyard dollar tələb edir.Adının çəkilməsini istəməyən mənbə Yenicag.az-a məsələ ilə bağlı bunları söyləyib: “Ruslar “Palmali” ilə müqavilələri ola-ola gedib özlərinə yeni şirkət açıblar. “Litaska” “Lukoil”in İsveçrədəki bir şirkətidir. Amma indi məhkəməyə verildiyi üçün həmin şirkəti atıb qaçmaq istəyirlər. “Palmali” ilə 10 illik anlaşmaları vardı. Məhz bu anlaşma ilə əlaqədar onlardan təxminən 350 milyon dollarlıq gəmilər alınıb. “Palmali” də yeni gəmilər hazırlayıb. Amma 2-3 il əvvəl heç bir səbəb olmadan ruslar anlaşmanı pozdular. “Palmali” də dəyən ziyanı aradan qaldırmaq üçün məhkəməyə üz tutdu. Ruslara qarşı 1.750-2 milyard dollarlıq məhkəmə iddiası qaldırıldı”.
Gununsesi.info











