Parisdə bıçaqlı hücum -Şübhəli çeçen əsillidir

  • By admin
  • 13 May 2018 22:39

Parisin mərkəzində şənbə günü axşam bıçaqlı hücumu törətmiş şübhəli şəxs “1997-ci ildə Rusiyanın Çeçenistan respublikasında doğulmuş Fransa vətəndaşıdır”, mənbələr bildirib.

Media vasitələrində həmin adamın adı Həmzət Asimov kimi çəkilib, onun Fransanın milli təhlükəsizliyini risk altına ala biləcək şəxslər siyahısında olduğu məlum olub, mənbələr qeyd edib.

Hücumçu Opéra rayonunda bir kişini öldürdükdən və 4 nəfəri yaraladıqdan sonra polis tərəfindən güllələnib.

Özünü İslam Dövləti (İD) adlandıran qrup hücumun arxasında durduğunu bəyan edib.

Fransa prezidenti Emmanuel Macron hadisədən sonra öz Twitter səhifəsində Fransada növbəti dəfə qan töküldüyünü yazaraq vurğulayıb ki, “azadlıq düşmənlərinin qarşısından bir addım da geriçəkilmə olmayacaq”.

Son 3 il ərzində Fransada İD qrupu tərəfindən qızışdırlan cihadçıların əlindən 230 adam ölüb.