“Rusiya Ermənistana maksimum müəyyən gərginlik yarada, vəziyyəti qarışdıra bilər”.
Bunu Gununsesi.info-ya açıqlamasında deputat Tural Gəncəliyev deyib:

“Məsələn, 102-ci hərbi baza ətrafında hansısa hadisələr baş verə bilər və ya Ermənistan ittiham oluna bilər. Amma artıq açıq görünür ki,
Rusiyayönlü qüvvələrin — istər kilsənin, istər Karapetyanın, istər Koçaryan Sarkisyan cütlüyünün sosial dayaqları zəifləyib.
Bu qüvvələr Paşinyanı nə qədər ittiham etsələr də, cəmiyyətdə ciddi dəstək qazana bilmirlər. Paşinyan isə hələ də öz siyasi mövqeyini qoruyub saxlayır. Rusiya bunu yaxşı anlayır. Ona görə də şantaj dili ilə Paşinyana mesaj verilir ki, seçkilərdə qalib gəlsə belə, sonrakı dövr onun üçün rahat keçməyəcək və müəyyən problemlərlə üzləşəcək.
Məhz buna görə Paşinyan hazırda Rusiya ilə münasibətləri daha da gərginləşdirməməyə çalışır və açıq bəyanatlarında bildirir ki, Ermənistanın seçim etmək məcburiyyəti yoxdur”.
Deputat əlavə edib ki, Paşinyana Qərbdən də təzyiqlər var və ondan Rusiya ilə münasibətləri tədricən məhdudlaşdırması gözlənilir:
“Ola bilsin ki, bu məsələ Avropa İttifaqının nümayəndələrinin səfərləri zamanı da müzakirə olunub və Ermənistana Rusiya ilə münasibətləri mərhələli şəkildə yekunlaşdırmağın vacibliyi çatdırılıb.
Amma əsas sual budur: Qərb Ermənistana nə vaxta qədər və hansı səviyyədə dəstək verəcək? Ermənistan Rusiya ilə qarşıdurmada nə qədər müqavimət göstərə biləcək? Çünki Ukrayna nümunəsi göstərdi ki, təəssüf ki, Qərbin verdiyi vədlərlə atdığı addımlar hər zaman üst-üstə düşmür”.
Şəbnəm












