Paşinyanın cəmi 5 günü var - AZAY QULİYEV

  • By admin
  • 25 Aprel 2022 10:09

 

Aprelin 22-də Dünya Azərbaycanlılarının Şuşada keçirilən Zəfər Qurultayında təkcə milli birliyimiz və gücümüz nümayiş olunmadı, eyni zamanda bu günə və sabaha yönəlik çox önəmli ideyalar və tezislər irəli sürüldü, xaricdə yaşayan soydaşlarımızın və diaspor təşkilatlarımızın gələcək strateji hədəflərimiz naminə görəcəyi işlərin yol xəritəsi müəyyən edildi.

Vahid qalib Azərbaycanlı obrazının ifadəsinə və milli ləyaqət rəmzinə çevrilən Şuşada Zəfər Qurultayının keçirilməsinin və orada verilən bəyanatların o qədər böyük mənəvi, siyasi və informasiya yükü var ki, bu haqda hələ çox yazılacaq və çox danışılacaqdır.

Yerli və beynəlxalq ictimaiyyətin bütün diqqəti ideya müəllifi olduğu qurultayda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin çıxışına, Ermənistana və havadarlarına, o cümlədən dünya erməniliyinə verdiyi mesajlara yönəlmişdir.

Həqiqətən, cənab Prezident Ermənistanı ciddi düşünməyə və müvafiq nəticə çıxarmağa sövq edəcək yeni bəyanatla çıxış etdi və qonşu ölkəni təklif olunan sülh şansını qaçırmamağa çağırdı: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımazsa və təklif olunan 5 təməl prinsip əsasında sülh müqaviləsi imzalamaqdan imtina edərsə, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımayacaq! Azərbaycanın sülh təklifi Ermənistan üçün son şansdır”.

Bu mesajın tərcüməsi odur ki, Azərbaycanın daim sülh təklifi ilə çıxış etmək və Ermənistanın “sülh” ətrafında etdiyi manipulyasiyalara dözmək fikri yoxdur, başqa sözlə, Ermənistan həm 10 noyabr bəyanatının 4-cü maddəsinə uyğun olaraq qanunsuz hərbi dəstələrini könüllü olaraq Azərbaycanın ərazisindən çıxartmalı, həm də Brüsseldə əldə olunan razılığa tam əməl etməlidir. Əks təqdirdə Azərbaycanın dəmir yumruğu işə düşəcək, Fərrux əməliyyatlarının davamı qaçılmaz olacaqdı. Belə bir bəyanatın verilməsini zəruri edən səbəb isə Nikol Paşinyanın aprelin 19-da Moskvaya etdiyi səfərdən sonra Brüsseldə götürdüyü öhdəliyə kölgə salan çıxışları və ikibaşlı bəyanatları idi.

Ümumiyytlə, Rusiya ilə Ermənistan arasında aprelin 19-da imzalanan Moskva bəyanatının 24-cü maddəsində mövcud olmayan “dağlıq qarabağ”ın adının qeyd olunması, “dağlıq qarabağ nizamlanması” və ya ”ATƏT-in Minsk Qrupu” ifadələrinin işlədilməsi təəssüf və ciddi narahatçılıq doğurur. Bəllidir ki, bu kimi lazımsız və heç bir anlamı qalmayan ifadələrin süni şəkildə mətnə salınması ilk növbədə Azərbaycana təzyiq elementi, eyni zamanda gələcəkdə sülh danışıqlarının nəticəsiz qalması üçün əlavə bir alət kimi nəzərdə tutulub. Bu baxımdan istisna deyil ki, Paşinyan rejimi hər vəchlə çalışacaq ki, Moskva bəyanatından istifadə edərək sülh danışıqlarını əsassız şəkildə uzatsın və Ermənistan üçün nəzəri də olsa əlverişli məqamın yetişməsini gözləsin.

Aprelin 23-də İravəndə Azərbaycanın və Türkiyənin bayraqlarını yandırmaqla vəhşi tayfa təfəkkürünü sərgiləyən ermənilər, eyni gündə dövlət sərhəddinin Zəngilan rayonu ərazisindən keçən hissəsində təxribat törətməyə cəhd etdilər, lakin təxribatın qarşısı alındı və Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun üzvü, hərbi qulluqçu Eduard Martirosov qəhrəman sərhədçilərimiz tərəfindən saxlanıldı. Hər iki hadisə bir daha onu göstərir ki, Paşinyan sülh danışıqlarında səmimi deyil, Brüssel sülh gündəliyini və danışıqlar formatını zədələməyə və ya aldığı təlimata uyğun pozmağa çalışır.

Ancaq heç də hər şey, xüsusilə, ATƏT-in Minsk Qrupu ilə bağlı vəziyyət Ermənistanın düşündüyü və ya təqdim etmək istədiyi kimi deyil. Belə ki, Azərbayanın israrlı tələbi ilə ATƏT-in Minsk Qrupu de-yure olaraq sıradan çıxmaq üzrədir və bu quruma olan istənilən istinad ciddi qəbul olunmur.

Son günlər isə həmsədr ölkələri tərəfindən Minsk Qrupunda olan nümayəndələrə başqa vəzifələrin verilməsi, artıq, bu qrumun de-yure ləğv olunma prosesinin başlanğıcı hesab edilə bilər. Fransa xarici işlər nazirliyi Bris Rokfeylin Ermənistana sırf ATƏT-in Minsk qrupunun həmsədri kimi deyil, Fransa XİN-in xüsusi nümayəndəsi kimi səfər etdiyini bildirməsi, həmsədrlik institutunda Rusiyanı təmsil edən İqor Xovayevin Rusiya XİN-in Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına yardım üzrə xüsusi nümayəndə, ABŞ-ın Minsk Qrupunda həmsədri olan Endryu Şoferin isə ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri təyin edilməsi və hazırda bu statusla Bakıda səfərdə olması Minsk Qrupunun de-yure ləğvi istiqamətində atılmış ilkin addımlardır.

Doğrudur, ATƏT-in Minsk Qrupunun və ona verilən mandatın rəsmi ləğv olunması haqqında qərar ATƏT-in qərarverici institutları olan Daimi Şurada və Nazirlər Şurasında konsensus əsasında qəbul olunmalıdır və şübhəsiz ki, belə mürəkkəb qərarın qəbulu müəyyən vaxt və diplomatik səy tələb edəcək. Bununla yanaşı, birmənalı şəkildə deyə bilərik ki, Minsk üçlüyü mandatının de-fakto etibarsız elan olunması və de-yure ləğvi istiqamətində prosesin başlanması Azərbaycanın çox ciddi siyasi və diplomatik uğurudur.

Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün bunları nəzərə alaraq, Şuşada ölkəmizin qətiyyətli və ədalətli mövqeyini bir daha səsləndirdi və Ermənistana bu oyunları durdurmaq üçün ciddi xəbərdarlıq etdi. Eyni zamanda cənab Prezident Avropa Şurası İttifaqının Prezidenti cənab Şarl Mişellə aprelin 23-də apardığı telefon danışığında Brüssel razılaşmasına uyğun olaraq Azərbaycan tərəfinin Ermənistan-Azərbaycan sərhəddinin delimitasiyası və demarkasiyası üzrə milli komissiyanın və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibini müəyyən etdiyini və qarşı tərəflə “Bakı-Yerevan” formatında danışıqlara hazır olduğunu bildirdi.

İndi sıra rəsmi İrəvandadır. Paşinyanın cəmi 5 günü, yəni aprelin 30-na kimi vaxtı var ki, yuxarıda qeyd olunan komissiya və işçi qruplarına öz nümayəndələrini təyin etsin və Brüsseldə götürdüyü öhdəliyə uyğun sülh danışıqlarının irəli aparılmasına yardım etsin.

Avropa İttifaqı, Böyük Britaniya, Fransa və ABŞ isə öz növbələrində maksimim çalışmalıdırlar ki, Brüssel sülh gündəliyi üzrə konkret nəticələr əldə edilsin, prosesə kənar müdaxilə olmasın və belə müdaxilələr olarsa onların qarşısı vaxtında alınsın. Əvvəlki illərdən fərqli olaraq hazırda belə yanaşma üçün həm dünyadakı mövcud geosiyasi vəziyyət, həm də regionda yaranmış yeni reallıqlar tam uyğundur.

Ermənistanın sülh prosesinə əngəl olmaması üçün iqtisadi rıçaqlardan da maksimum istifadə edilə bilər. Məsələn, Avropa İttifaqı Ermənistana nəzərdə tutduğu 2,6 milyard avroluq maliyyə paketinin verilməsini Brüssel sülh gündəliyi ilə birbaşa əlaqələndirə və Ermənistanı götürdüyü öhdəliyi yerinə yetirmədiyi təqdirdə bu yardımdan məhrum edə bilər.

Eyni siyasi və iqtisadi alətlər ABŞ və Fransada da mövcuddur və onlar da bundan istifadə etməli, Cənubi Qafqazda sülh və barış üşün yaranmış tarixi şansın Ermənistan tərəfindən qaçırılmasına imkan verməməlidir.

Bundan başqa, ABŞ və Fransa ATƏT-in Minsk Qrupunun tarixi rolunun başa çatdığını və bu formatın dirçəldilməsinin bölgə üçün yeni təhlükəsizlik ploblemlərinə səbəb olacağı reallığını tam dərk etməli və qrupun de-yure ləğvi prosesini sürətləndirməlidirlər.

 

Azay Quliyev

Milli Məclisin deputatı