Paytaxtda yeni küçə salınır - FOTO

  • By admin
  • 27 Dekabr 2016 13:13

yeni-kuca

Xətai rayonu ərazisindəki Yusif Səfərov və Fəzail Bayramov küçələri arasında yeni yol inşa edilir.

Bu barədə Gununsesi.info-ya yol tikintisini həyata keçirən “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, 4 hərəkət zolaqlı olacaq yolun uzunluğu 260 metrdir və yeni küçənin eni 16 metr təşkil edəcək. Hər iki tərəfdə vətəndaşların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə piyada səkiləri də inşa olunur. Sutkanın qaranlıq saatlarında yolun hərəkət hissəsini işıqlandırmaq üçün yol ayrıcına 10 ədəd işıq dirəyi quraşdırılacaq.

Hazırda ərazidəki yararsız qrunt 1metr dərinlikdə qazılaraq çıxarılır, əvəzinə isə karbonat materialı tökülərək yeni yol yatağı inşa olunur. Daha sonra qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol əsasının inşası işləri aparılacaq. Torpaq işləri yekunlaşdıqdan sonra yola ikiqat olmaqla yeni asfalt-beton örtük döşənəcək. Ümumilikdə yolun hərəkət hissəsinin 4 min kvadratmetr sahəsinin asfaltlanması nəzərdə tutulub. Yol ayrıcına və səkilərin kənarlarına min poqonmetr səki daşı düzüləcək.

Tikinti işləri tamamlandıqdan sonra yeni küçədə hərəkətin normal təşkili üçün yol nişanları quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.

Bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla yüksək keyfiyyətlə həyata keçirilir.

İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Gununsesi.info