Pensiyalar 12,4 faiz artacaq - NAZİR

  • By admin
  • 24 Yanvar 2017 10:52
pensiya
Azərbaycan prezideni İlham Əliyevin ötən dövrdə imzaladığı fərman və sərəncamlar, təsdiqlədiyi dövlət proqramları nəticəsində ölkənin hərtərəfli və dayanıqlı sosial-iqtisadi inkişafının stimullaşdırılması təmin olunub. 
Gununsesi.info xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün Azərbaycan prezidentinin 21 yanvarda əmək pensiyaları və minimum əmək haqqılarının artırılması ilə bağlı keçiridiyi mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə,  ölkə başçısının  “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” və “Minimum aylıq əmək haqqının artırılması haqqında” 2017-ci il 21 yanvar tarixli sərəncamları ölkəmizdə əhalinin etibarlı sosial müdafiəsinin təmin olunması və ailə gəlirlərinin artırılması istiqamətində məqsədyönlü tədbirlərin cari ildə də davam etdirildiyinin əyani təzahürüdür. “Prezident İlham Əliyevin təkcə ötən il imzaladığı 30-dək fərman və sərəncamla ümumilikdə 3,6 milyon nəfərə və ya ölkə əhalisinin 38%-inə yönələn sosial ödənişlərin artırılması təmin edilib. Başqa sözlə, postenerji dövrü üçün xarakterik olan yeni iqtisadi idarəetmə modelinə keçidin ortaya çıxardığı çətinliklərdən əhalinin kompensasiyası üçün 600 milyon manatdan artıq vəsait yönəldilib”- deyə, nazir vurğulayıb.
 Nazir əlavə edib ki, məhz bunun nəticəsində əmək haqları7%, pensiyalar isə 8% artıb:
“2006-cı il yanvarın 1-dən ölkəmizdə tətbiq edilən müasir sığorta-pensiya sistemi bazar iqtisadiyyatı mühitində vətəndaşların pensiya təminatı hüquqlarının etibarlı müdafiəsi məqsədilə hər il əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsini nəzərdə tutur. Bu tədbir nəticəsində istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmaqla nəticə etibarilə əmək pensiyalarının ildən-ilə artırılması təmin olunur. “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında”  2017-cı il 21 yanvar tarixli Sərəncam da əmək pensiyalarında növbəti artımın edilməsini nəzərdə tutur” – deyə, nazir əlavə edib. 
S. Müslümov bildirib ki, sərəncama əsasən,  2017-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsini təmin etməlidir: “Ötən il respublikamızda istehlak qiymətlərinin 12,4%-lik indeksi qeydə alınıb. Dövlət başçımızın “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 2017-ci il 21 yanvar tarixli sərəncamına əsasən, sığortaolunanlar üzrə ödənilən və onların fərdi hesablarında qeydə alınan pensiya kapitallarının da indeksləşdirilməsi aparılacaq. Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə hər ay təqribən 10,21 milyon manat, il ərzində isə 122,5 milyon manat əlavə vəsait yönəldiləcək. Ümumilikdə pensiyaların sığorta hissəsinin artırılması prosesi pensiyaçıların 94%-inə və ya 1 milyon 240 min nəfərə şamil olunacaq. Vətəndaşların əmək pensiyalarının sığorta hissəsini təşkil edən məbləğlər müxtəlif olduğundan bu artımların məbləğləri də fərqli olacaq”.
 
Nazir onu da əlavə edib ki, Əliyevin 21 yanvar 2017-ci il tarixli sərəncamının icrası ilə bağlı işlərin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsini təmin edəcək.
 
Nazir onu da bildirib ki, Azərbaycanda əmək pensiyaçılarının sayı ötən il 16,1 min nəfər və ya 1,24% artaraq (o cümlədən yaşa görə 0,4%, ailə başçısını itirməyə görə 3,9%, əlilliyə görə 2,06% artaraq) 1 yanvar 2017-ci il tarixinə 1 316 min nəfər təşkil edib: “Fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayı da ildən-ilə artmaqda davam edir. Sistemdə qeydiyyata alınan sığortaolunanların sayı ötən ilin əvvəlinə nisbətən 191,8 min nəfər artaraq 2017-ci ilin 1 yanvar tarixinə 3 milyon 371,9 min nəfər təşkil edib. Eyni zamanda bu sistemdə uçotda olan əcnəbi vətəndaşların sayı 33,9 min nəfərə çatıb”.
Mürtəza
Gununsesi.info