Piyadanı vurub qaçdı, tutuldu

  • By admin
  • 24 İyun 2017 19:20

avtoqeza
İyunun 22-də saat 23 radələrində DİN-in “102 Zəng Mərkəzi”nə Pirallahı rayonunun Dübəndi bağlar massivindəki dayanacaqlardan birinin yaxınlığında bir nəfərin maşınla vurulması nəticəsində xəsarət alması barədə məlumat daxil olub.

“Qafqazinfo”nun DİN-ə istinadən məlumatına görə, məlumat aidiyyatı üzrə Pirallahı Rayon Polis Şöbəsinə ünvanlanıb.

Yaralı təcili xəstəxanaya çatdırılıb, həyatı üçün təhlükə aradan qalxıb.

Pirallahı RPŞ DYPB-nin əməkdaşları tərəfindən piyadanı vuran maşının Xəzər rayonunun Zirə qəsəbəsində olduğu müəyyən edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Mercedes-Benz-Atego” markalı yük maşınını idarə edən Masallı rayon sakini Ramin Şahbazov hadisəni törətməkdə şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Kriminalistlik ekspertiza hadisə yerindən götürülmüş maddi sübutların həmin avtomobilin sınmış şüşələri və əzilmiş hissələri ilə eyniyyət təşkil etdiyini aşkara çıxarıb.

Pirallahı Rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır.

Gununsesi.info