Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycan-Almaniya münasibətlərinin inkişafı və yeni əməkdaşlıq perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır.
Gununsesi.info xəbər verir ki, bunu politoloq Turan Rzayev bildirib.

Onun sözlərinə görə, rəsmi Berlin ilə Bakı arasında münasibətlər müsbət dinamika üzrə inkişaf edir və son illərdə siyasi, iqtisadi, diplomatik, eləcə də ticarət sahələrində əlaqələr əhəmiyyətli dərəcədə genişlənib.
Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə keçirdiyi görüş də iqtisadi əməkdaşlığın dərinləşdirilməsi baxımından xüsusi önəm daşıyır.
Onun sözlərinə görə, görüş zamanı Azərbaycan və Almaniya şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi, birgə fəaliyyətin institusionallaşdırılması və yeni investisiya imkanları müzakirə olunub.
Turan Rzayev bildirib ki, Azərbaycan bu cür səfərləri ölkəyə yeni investisiyaların cəlb edilməsi, eləcə də strateji tərəfdaşlığın gücləndirilməsi üçün mühüm platforma kimi qiymətləndirir.
O vurğulayıb ki, Almaniya şirkətlərinin yüksək texnoloji potensialı işğaldan azad olunmuş ərazilərin bərpası, həmçinin enerji və infrastruktur layihələrinin həyata keçirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Politoloqun fikrincə, tərəflər arasında ənənəvi və alternativ enerji, Orta Dəhliz, nəqliyyat və logistika istiqamətlərində mövcud potensialın genişləndirilməsi üçün əlverişli imkanlar var. O qeyd edib ki, Bakı Avropanın enerji təhlükəsizliyində rolunu daha da artırmaq və Azərbaycan enerji resurslarının Almaniya bazarına çıxışı istiqamətində Berlinin dəstəyini qazanmağa çalışır.
Turan Rzayev Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşünü də iki ölkə arasında siyasi dialoqun və strateji əməkdaşlığın inkişafı baxımından mühüm hadisə kimi dəyərləndirib.
Onun sözlərinə görə, Rusiya–Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən gərginlik və Avropanın təhlükəsizlik gündəmində baş verən dəyişikliklər fonunda Almaniyanın geosiyasi çəkisi daha da artır. Bu baxımdan, Azərbaycanın Berlinlə münasibətlərini daha da inkişaf etdirməsi gələcək regional və qlobal proseslər baxımından strateji əhəmiyyət daşıyır.
Politoloq əlavə edib ki, Azərbaycan mövcud geosiyasi prosesləri diqqətlə izləyərək balanslaşdırılmış və praqmatik xarici siyasət kursunu davam etdirir. Onun sözlərinə görə, Almaniya kimi nüfuzlu Avropa dövləti ilə təmasların intensivləşdirilməsi də məhz bu uzaqgörən xarici siyasət strategiyasının tərkib hissəsidir.
Elmar







