
“Erməni mediası az qala hər gün xəbər və görüntü yayır ki, Dağlıq Qarabağın ətrafında sakinləri necə məskunlaşdırırlar, Xocalıda, Laçında və Kəlbəcərdə binalar tikir, yollar çəkir, infrastruktur formalaşdırırlar. Sonuncu xəbər bundan ibarətdir ki, Göyçə-Kəlbəcər-Ağdərə yolu boyu bir neçə yerdə ictimai-iaşə obyekti tikiləcək. Geniş plan hazırlanıb”.
Gununsesi.info xəbər verir ki, bunu “Atlas” araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu işğal altında olan torpaqlarda məskunlaşma faktını şərh edərkən bildirib.
Onun sözlərinə görə, bir sözlə, separatçılar onlara aid olmayan torpaqlarda iş yerləri açırlar. “İstisna etmirəm ki, bu xəbərlərin bir hissəsi dezinformasiyadır, ermənilər hər şeyin yolunda getdiyini təlqin etməyə çalışırlar. Ancaq nə olursa olsun, Azərbaycan XİN-lə Müdafiə Nazirliyinin birgə açıqlamasına ehtiyac var.
Həmin açıqlamada ən azı bu bəndlər olmalıdır:
1. Erməni separatçılarının işğal altındakı rayonlarda həyata keçirdiyi məskunlaşma və müəssisələr açması siyasəti qanunsuzdur, beynəlxalq vasitəçilərin duruma müdaxilə etməsini gözləyirik, çünki həll planlarına görə həmin rayonlar əsl sakinlərinə qaytarılmalıdır.
2. Erməni separatçıları işğal altındakı bu siyasəti davam etdirərlərsə, Azərbaycan ordusu buna qarşı müvafiq tədbirlər görəcək.
3. Ermənistan hakimiyyətinin və erməni lobbisinin işğal altındakı torpaqlarda apardığı məskunlaşma və tikinti işləri müharibə tarixini yaxınlaşdırır”-deyə, politoloq bildirib.
Politoloq onu da deyib ki, Türkiyə ordusunun bu gün Suriyaya müdaxiləsinin iki başlıca səbəbi var: “Birinci, terrorçular Türkiyə sərhəddindən uzaqlaşdırsın. İkinci, Afrin və Minbiç həqiqi sahiblərinə qaytarılsın, orada indi kürdlər yaşayır, halbuki bu ərazilər döyüşlərdən əvvəl ərəblərə və türkmənlərə məxsus idi. Türkiyə bu haqsızlığı ortadan qaldırmaq istəyir. Bu Azərbaycan üçün də örnək olmalıdır ki, Dağlıq Qarabağda etnik təmizlənmənnin nəticəsi olaraq məskunlaşma və infrasturktur çalışmaları ilə barışmayacaq”.
XİN və Müdafiə nazirliyinə xitabən politoloq deyib ki, heç olmasa bunlarla bağlı bir bəyanat hazırlanmalıdır. : “Yoxsa bir gün ayılacağıq ki, Şuşa, Laçın və Kəlbəcərdə boş yer qalmayıb, hər yer məskunlaşıb, erməni lobbi təmsilçilərinin işğal altındakı torpaqlarda açdıqları kiçik müəssisələr şıdırğı istehsalla məşğuldur. Heç olmazsa hərbi təyyarələrimiz həmin ərazilərdə bir göstəri uçuşu həyata keçirsin. Kimsə bizə işğal altındakı ərazilərin səmasında uçuş həyata keçirməyi qadağan edə bilməz. Bu Azərbaycanın hava sahəsidir və bütün dünya da bunu belə bilir”.
Mürtəza
Gununsesi.info










