“Porsche” ağaəlilər cəmiyyəti… - MÜRTƏZA BÜNYADLI YAZIR

  • By admin
  • 05 May 2017 15:54

murteza

Toplumundan asılı olaraq, yəni o toplumda yaşayan insanların düşüncəsindən, dünyaya baxışından, idarəetmə sistemindən, ideologiyasından asılı olaraq cəmiyyətlər müxtəlif cür olur. Güclü, orta, zəif və ya amorf, çürüyən cəmiyyətlər.

Toplumun yaşadığı güclü cəmiyyət o zaman olur ki, ilk olaraq o cəmiyyətdə effektiv, ədalətə söykənən sosial siyasət yürüdülür. O cəmiyyət ki, dialoqa açıqdır, problemləri dialoq yolu ilə həll edib, effektli həll yolu tapıb, onu cəmiyyətin idarə olunmasına tətbiq edirsə, güclü olur. Vətəndaş cəmiyyətində də dünyəvi dövlətçilik prinsipinə əsaslanan dövlətdə də, dövlətin üzərinə düşən əsas öhdəliklərdən biri sosial siyasətlə bağlıdır. Dövlət vətəndaş cəmiyyətində yaşayış şəraitini sağlamlaşdırmaq üçün insanların layiqli həyat şəraitini təmin edən effektli sosial siyasət yürütməlidir. Necə deyərlər, cəmiyyətdə sosial bərabərsizliyə yol verməməlidir.

Sosial bərabərsizliyə, ədalətsizliyə yol verilən andan o cəmiyyət amorflaşaraq çürüməyə başlayır. Necə ki, ağac öz içindən çürüyür. Belə cəmiyyətlərin hökm sürdüyü məkanda iqtisadi potensial, yerüstü, yeraltı sərvətlərin bolluğundan asılı olmayaraq, cəmiyyətin sosial ədalət prinsiplərinə söykənən dayanaqlı inkişafına yönlədilməyəndə, onda həmin cəmiyyət uçuruma sürüklənir.

Cəmiyyətin güclülüyünə dəlalət edən ən əsas amillərdən biri və ya birincisi, elə o cəmiyyətdəki müxtəlif sosial təbəqələr, siyasi, vətəndaş cəmiyyəti, iqtisadi, maliyyə institutları arasındakı açıq dialoqdur. Hansı ki, bu dialoq vasitəsi ilə bütün problemlər, vəziyyətin böhran, partlama həddinə çatmadan həlli yollarını müzakirə edib səmərəli qaydada həll edirlər. Yoxsa kimsə özünün kölgəsindən qorxaraq dialoqa, alternativ fikrə imkan vermədən qadağaları tətbiq etməklə cəmiyyət uzağa gedə bilməz. Belə olan şəraitdə problem daha da dərinləşir və böhran mərhələsinə qədəm qoyur. Böhran mərhələsində atılan addımlar isə öz lazımi effektini vermir. Bu addımlar ya yarımçıq, ya da ki, real vəziyyət uyğun olmadığından, ümumiyyətlə icrası mümkün olmur. Və yaxud da problemin həlli üçün həyata keçirilən layihələri elə kadrlara və şəxslərə həvalə edir ki, onlar da ancaq öz korporativ maraqlarına uyğun icra etdiyindən, “qaş düzəldilən yerdə, gözün çıxarılması” prinsipini həyata keçirmiş olurlar.

Odur ki, güclü cəmiyyətdə hər zaman açıq dialoq hökm sürür. Onun əqli mülkiyyətindən, beyin mərkəzlərindən səmərəli formada istifadə olunur.

Bunlar olmadıqda isə çürüyən cəmiyyətdə baş verən hər bir hadisə sosial parltayış kimi ictimaiyyət tərəfindən qəbul olunur. Çünki sosial ədalətsizlik buna şərait yaradır.

Elə götürək “Porsche”Ağaəlinin törədiyi qəza hadisəsini. Məhz cəmiyyətdəki sosial ədalətsizlik, onun içindəki etirazın daha aşırı formada püskürməsinə şərait yaradır. Bunu təkcə “Porsche”Ağaəliyə şamil etmirəm. Son bir neçə ayda bu və ya digər formada hadisələr baş verib ki, o, hadisələr cəmiyyətdə, sosial mediada sosial partlayış həddi kimi təqdim olunub. Hadisəni törədən şəxsin valideyni baş verən olayla bağlı üzüntüsünü və ya üzrünü dilə gətirmək, səhvinin olması və özündə görməsi əvəzinə, öz “gül balası”nın hərəkətinə hansısa formada bəraət qazandırmağa çalışır. Ağaəlinin atası Füzuli Fərəcov daha uzağa gedərək, “məgər 14 yaşlı uşağı da həbs edərlərmi?” – deyə bildirib. Bax, budur Azərbaycan cəmiyyətinin iş üzü. Neçə belə faktlar olub ki, bu cür ağır cinayət törədən şəxslərin övladları və yaxud da özləri törədiyi cinayətə görə cəzasız qalması, ictimaiyyəti ciddi narahat edir. Cəmiyyətdə isə məmurların, səlahiyyət sahiblərinin baş alıb gedən qudurğanlığına “Dayan” deyənin olmadığını görmədiyindən, vətəndaşlar öz sabahı üçün çox narahatlıq keçirir. Üzləşdiyi haqsızlığa görə kimə bel bağlayacağını bilmir. Onu idarə edənlərəmi? Əsla yox! Artıq cəmiyyət onu idarə edən bəzi məmurlara inamını itirib. Çünki onlar oturduqları kreslonun məsuliyyətini dərk etmir, həmin kresloya bir gəlir mənbəyi və ticarət obyekti kimi yanaşırlar. Şikayət edən də vətandaşa desin ki, get kimə istəyirsən şikayə et. Əksinə sənin şikayətindən sonra mən daha yaxşı vəzifələrdə və “yağlı“ kreslolarda əyləşəcəm. Bax, “Porsche”ağaəlilər bu cəmiyyəti idarə edən və ona qan udduran məmurların övladlarıdır. Cəzasızlıq mühiti onları yeni-yeni cinayətlərə sövq edir. Cəmiyyət isə bunun əksini görür. Kim ki, cəmiyyətdəki eybəcərliyi dilə gətirir, cəmiyyətin inkişafı naminə bir haqq söz deyirsə o şəxs müxtəlif yollarla “cəzaladırılır”. Ona görə ki, biz “Porsche”ağaəlilərin hökmranlıq etdiyi və onlara “Dur” deyilməyənlər cəmiyyətində yaşayırıq….

Təkcə bir faktı söyləməklə fikrimi bitirmək istəyirəm. 14 yaşlı Ağaəlinin idarə etdiyi “Porsche” avtomobilinin dövlət qeydiyyat nişanına verilən pulla onlarla kasıb ailənin sosial problemini həll etmək olar…

Və proseslər belə davam etdikcə, bunlara “DUR” əmri verilməyənədək, yaxud bir neçəsi ciddi qaydada cəzalandırılmayanadək biz hələ çox belə halların şahidi olacağıq.

Mürtəza Bünyadlı

Gununsesi.info