
Prezident Administrasiyasının strukturunda baş verən islahatlar nəticəsində bir sıra şöbələr ləğv olunmaqla yeniləri yaranıb.
Gununsesi.info xəbər verir ki, Prezident Administrasiyasında vaxtı ilə Elnur Aslanlının rəhbərlik etdiyi Siyasi təhlil və informasiya təminatı şöbəsi ləğv edilərək, onun əvəzinə Strateji araşdırma və planlaşdırma şöbəsi yaradılıb. Həmin şöbəyə isə Səadət Yusifova müdir vəzifəsinə təyin olunub.
Yeni şöbələr sırasına Gənclər siyasəti və idman məsələləri şöbəsi daxildir ki, bu şöbəyə Yusuf Məmmədəliyev təyinat alıb.
Tələt Məcidovun rəhbərlik etdiyi Kadrlar şöbəsinin səlahiyyətləri daha da genişləndirilərək Dövlət qulluğu və kadr məsələləri şöbəsi olub.
Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun da səlahiyyəti artırılaraq, köməkçi olamaqla yanaşı, iqtisadi məsələlər şöbəsinin müdiri vəzifəsini daşıyacaq. İndiyədək bu şöbə İqtisadi siyasi məsələlər üzrə Dövlət müşaviri Vahid Axundovun kurasiyasında olmaqla yanaşı, şöbənin müdiri postunu Mail Rəhimov daşıyırdı.
Prezidentin köməkçisi Natiq Əmirovun da səlahiyyət dairəsi genişləndirilməklə, konkretləşdirilib. Belə ki, Natiq Əmirov Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi olmaqla yanaşı, eyni adlı şöbənin müdiri vəzifəsini daşıyacaq. Hansı ki, indiyədək Administrasiyada belə bir şöbə yox idi.
Yeniliklərdən biri də prezidentin millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi, eyni adlı şöbənin yaradılmasıdır. Hələlik bu vəzifəyə təyinat yoxdur.
Mürtəza
Gununsesi.info











