Putin G20 sammitinə dəvət alıb

  • Müəllif: Orxan
  • 24 Sentyabr 2026 11:13

Kreml ABŞ-ın Rusiya Prezidenti Vladimir Putini dekabrda Mayamidə keçiriləcək “Böyük iyirmilik” (G20) sammitinə dəvət etməsinə müsbət yanaşıb.

Gununsesi.info xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva dəvəti qəbul edib və hazırda Putinin sammitdə iştirak edib-etməyəcəyi müəyyənləşdirilir.

“Biz müvafiq dəvəti almışıq, bu dəvətə görə Amerika tərəfinə minnətdarıq. Biz dəvəti alqışlayırıq və qərarımızı verəcəyik, daha sonra məsələni diplomatik kanallarla işləyəcəyik”, – Peskov Rusiya mediasına açıqlamasında deyib.

Daha əvvəl ABŞ dövlət katibi Marko Rubio Amerika tərəfinin Putini bu ilin dekabrında Mayamidə keçiriləcək G20 liderlər sammitinə dəvət etdiyini açıqlayıb. Rubio Rusiya liderinin sammitə gələcəyinə ümid etdiyini bildirib.

Bununla yanaşı, “Bloomberg” Putinin ABŞ-da keçiriləcək G20 sammitini, orada ABŞ Prezidenti Donald Trampın da iştirak edəcəyini nəzərə alaraq, böyük ehtimalla buraxacağını yazıb.

Daha əvvəl Putinin Ukrayna Prezidenti Volodimir Zelenskinin müharibənin başa çatdırılması ilə bağlı danışıqları ABŞ-da keçiriləcək G20 sammiti çərçivəsində aparmaq təklifini rədd etdiyi bildirilib.

Donald Tramp da Putinin Mayamidə Zelenski ilə üçtərəfli görüşə razı olub-olmayacağını bilmədiyini açıqlayıb.

Gununsesi.info