Putin Ukraynada nəyi itirə bilər? – Qərb mediasının təhlili

  • By admin
  • 30 Aprel 2019 12:17

Ukraynada şoumen Volodimir Zelenskinin prezident seçilməsini bəziləri Rusiya Prezidenti Vladimir Putin üçün böyük qələbə sayırlar. Ancaq “Politico” dərgisində Vijai Mahesşvari reallıqda durumun qat-qat mürəkkəb olduğunu yazır.

“Zelenskiy idarəçilikdə təcrübəsiz ola bilər, amma kommunikasiya üzrə veterandır, Petro Poroşenkonu hakimiyyətdən sıxışdırıb çıxarması da buna sübutdur. Onun ruscanı bilməsi, eləcə də rusiyalıları tanıması yolunu daha da açır.

Ukrayna millətçiliyini seçən, yalnız ukraynaca danışan Poroşenkodan fərqli olaraq, Zelenski rusiyalılarla öz dillərində danışa bilir, özünün Instagram səhifəsi, digər sosial media kanalları vasitəsilə onlarla əlaqə saxlayır. Putin üçün demokratik Ukraynada rusdilli prezidentin olması səkkizayaqlı ilbizi diri-diri yemək kimi bir şeydir – həm ovqat yaradır, həm də qorxuludur”, – müəllif yazır.

Müəllifin fikrincə, Zelenskinin qələbəsi Putinin üzərinə xüsusi yük qoyur. Bir tərəfdən o, televiziya şousunda açıq-aşkar Putinin istefasını çağırmış siyasətçini qəbul edə bilməz. Digər tərəfdən, bilir ki, bu komediyaçı son beş ilin ədavətindən sonra Rusiya-Ukrayna münasibətlərini yenidən qurmağa nadir fürsət yaradır. Bu səbəbdən yeni prezidenti təbrik, münasibətlərin yaxşılaşmasına ümid ifadə etməyi Baş nazir Dmitri Medvedevin öhdəsinə buraxıb. Bu arada Putin ən yaxşı etdiyi işi görür: sərt davranaraq opponentini küncə sıxışdırmağa çalışır.