Son 4 ildə Qərb-Rusiya qarşıdurması martın 4-də İngiltərədə sabiq rusiyalı kəşfiyyatçı Sergey Skripal və qızı Yuliyanın “Noviçok”la zəhərlənməsi nəticəsində ən kulminasiya həddinə çatmaqdadır. Qərblə Rusiya arasında böhran günü-gündən dərinləşir artıq təhlükəli bir mərhələyə qədəm qoymaqdadır. Beynəlxalq ekspertlər bu “soyuq müharibə”-nin yaxın gələcəkdə lokal və ya geniş miqyaslı hərbi əməliyyatlarla müşahidə oluna biləcəyini də istisna etmirlər. Çünki Moskva Qərbin qarşısından geri çəkilməməsi və əksinə qarşı tərəfi lazım gəldiyi anda nüvə silahı ilə təhdid etməsi buna müəyyən mənada əsas verir. Düzdür, bu tətbiqdə elə də asan məsələ deyil amma Rusiyadan belə addımlar gözləmək olar. Krım, Suriyadakı proseslər bunun bazriz göstəricisidir.
Qərb Rusiya qarşıdurmasının kökləri dərin olsa da, son qarşıdurma Putinin hakimiyyətə gəlişindən sonra Kremlin xarici siyasəti ilə bağlıdır. Belə ki, Putin hələ 2005-ci ildə Rusiyanın xarici siyasəti ilə bağlı səsləndirdiyi fikirləri beynəlxalq ekspertlər, beyin mərkəzləri tərəfindən çox “qorxunc yuxu” adlandırılaraq, bu yuxunun reallaşdırlmasını dünya üçün fəlakət hesab etdilər. Bu “qorxunc yuxu” da ondan ibarət idi ki, Putin SSRİ-nin dağılmasını fəlakət hesab edərək, onun yenidən bərpası ilə bağlı mesajlar verməyə başladı. Putin hətta SSRİ-nin dağılmasında, onun qurucusu olan Lenini belə ittiham edərək, onu günahkar etməkdən çəkinmədi. Putin 2008-ci ildə Ümumrusiya Forumunda çıxışı zamanı SSRİ qurularkan, bu dövlətə daxil olan subyektlərə bərabərhüquqlü əsasda daxil olmasını və lazım gələndə çıxmaq hüququnun verilməsini kəskin tənqid edib. Bildirib ki, elə Lenin bununla da SSRİ adlı dövlətin dağılması üçün altına gecpartlayan mina qoymuş oldu. Nəticədə bu ölkə dağıldı. Və Putin bu fikrini zaman-zaman yeri düşdükcə gündəmə gətirərək beynəlxalq ictimaiyyətə mesaj verməklə SSRİ-ni bərpa etmək niyyətində olduğunu və beynəlxalq aləmin qulağını bu fikirlərə alışdırmaq idi. Putin bununla işini bitirməyərək SSRİ-nin bərpası istiqamətində real addımlar atmaq istiqamətində də fəaliyyət göstərməyə başladı. Putinin Avrasiya İqtisadi İttifaqı, Gömrük İttifaqı, Kollektiv Təhülkəsizlik Müqavilə Təşkilatı (KTMT) kimi yaratdığı təşkilatlar məhz onun SSRİ-ni bərpa etmək ideyasının tərkib hissələri idi. Putin ilk olaraq postsovet məkanına daxil olan ölkələri hətta açıq təhdid etməkdən çəkinməyərək, bu qurumlara qoşulmağa çalışır. Kreml NATO-nun və Avropa Birliyinin Şərqə doğru irəliləməsinin qarşısını almaq üçün beynəlxalq hüququ pozmaqdan belə çəkinməyib. Kreml açıq formada postsovet məkanında olan ölkələrin və Şərqi Avropa ölkələrinin onun təsir dairəsindəki ölkələr olduğunu bəyan edib. Və hər hansı beynəlxalq təşkilatın onun sərhədlərinə doğru irəliləməsinə imkan verməyəcəyini bəyan edib. Məhz bunun nəticəsi olaraq 2008-ci ildə Gürcüstana qoşun yeritdi və Cənubi Osetiyanı ilhaq edərək, Abxaziyanı və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıdı, 2014-ci ildə Krım və Ukraynanın Şərqində Donbası ilhaq etdi. Bundan öncə isə postsovet məkanında öz nüfuz dairəsini qoruyub saxlamaq üçün Ermənistana hərtərəfli dəstək verməklə Azərbaycan torpaqlarının 20 faizini işğal etməyə şərait yaratdı. Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə təhdidi yaratmaq üçün İrəvana hərtərəfli dəstək verməklə, Ermənistanı faktiki olaraq Rusiyanın bir subyektinə çevirib. Qarabağ kartından məharətlə istifadə edən Kreml hər iki ölkəni təhdid edir. Elə son dövrlərdə Kremlin “danışan dili” olan Vladimir Jirinovskinin Qarabağ münaqişəsinin həlli yolu ilə bağlı səsləndirdiyi fikirləri misal çəkmək olar. Bununla Kreml əslində hər iki tərəfi təhdid yolunu seçdiyi və Qarabağla bağlı qorxunc planların olmasından xəbər verir. Bu yolla Kreml postsovet imkanını öz təsir dairəsində saxlamağa çalışır.
Rusiyanın Yaxın və Uzaq Şərqdəki xarici siyasətini qeyd etsək, o zaman mənzərə tam aydın ola bilər. Ona görə də Putinin bu “qorxunc yuxu”ları başda ABŞ olmaqla Qərbi əndişələndirə və buna seyri qala bilməzdi. Çünki Qərb Rusiyanın bu qorxunc planlarının nə ilə nəticələnəcəyini yaxşı bildiyindən, “ŞƏR İMPERİYASI”nın yenidən bərpasına imkan verə bilməz. Bax ona görə də Qərb “ŞƏR İMPERİYASI”nın bərpası istiqamətdəki Kremlin revanş siyasətinin qarşısını almaq üçün konkret addımlar ataraq, Rusiyaya sanksiyalar tətbiq etməklə beynəlxalq hüquq qaydalarına riayət etməyə və qorxunc iddialarından vaz keçdirməyə çalışır. Rusiya bu addımından geri çəkilmədikcə isə Qərb Kremlə qarşı daha sərt sanksiya dili ilə danışmağa başlayır. ABŞ 2017-ci ildən başlayaraq Rusiyanın enerji, maliyyə və iqtisadi sektoru ilə yanaşı, sanksiyaları daha da konkretləşdirərək hərbi-sənaye kompleksinə, Putinin yaxın ətrafında olan konkret oliqarx və məmurlara qarşı tətbiq etməyə başlayıb. Son olaraq isə diplomatik müstəvidə də fəaliyyətini davam etdirərək rus diplomatlarını öz ölkələrində çıxarır. Prosesin davam edəcəyi istisna deyil. Qərb Rusiyanı beynəlxalq hüquq norma və qaydalarına hörmətlə yanaşmaya vadar etmək üçün yaxın gələcəkdə daha sərt sanksiyalar tətbiq edəcəyi qaçılmazdır. Növbəti mərhələdə Putin də başda olmaqla daha geniş spektr rusiyalı iş adamları , oliqarx, məmurlara, hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edilə bilər.
Qərb bu yolla Rusiyanı dünya ölkələrinin daxili işinə müdaxilə etmədən, onları təhdid etmədən, bərabərhüquqlu, qarşılqlı hörmət əsasında münasibətlərini qurmağa nail olmaq istəyir.
O baxımdan da Qərb-Rusiya qarşıdurması Azərbaycandan yan keçməyəcək və öz təsirini göstərəcək. Ona görə də Qərbin Rusiyaya qarşı yürütdüyü siyasət Azərbaycan tərəfindən də diqqətlə ölüçüb-biçilməli və gələcəyə yönəlik addımlarını elə atmalıdır ki, sonda bu prosessdən ziyanla çıxmasın. Bakı bu prosesin ziyanlı və xeyirli tərəflərini götür-qoy etməlidir. Çünki bu prosesin Azərbaycana müəyyən mənfi təsirləri olduğu kimi bir çox müsbət təsirləri də var. Və Azərbaycan bundan maksimum yararlanmalıdır.
Mürtəza Bünyadlı
Gununsesi.info