Putinin taxıl oyunu, Ərdoğan nə edəcək?

  • By admin
  • 30 Oktyabr 2022 13:15

Rusiya taxıl müqaviləsindən imtina edir. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Sevastopolda “Taxıl dəhlizi”nin təhlükəsizliyini təmin edən Qara dəniz donanmasının gəmilərinə və mülki gəmilərə hücumlardan sonra Moskva taxıl müqaviləsində iştirakını dayandırır.

Rusiya tərəfi iddia edir ki, Ukrayna Böyük Britaniyanın dəstəyi ilə sentyabrın 29-da gəmilərə doqquz pilotsuz uçan aparat və yeddi dəniz pilotsuz uçan aparatları vasitəsilə hücum edib. Ukrayna isə deyilənlərin tamamilə yalan olduğunu açıqlayıb.

Moskvanın qərarına münasibət bildirən Ukrayna prezidenti Volodimir Zelenski vurğulayıb ki, Rusiya ərzaq böhranını sentyabr ayında qəsdən ağırlaşdırmağa başlayıb. Onun sözlərinə görə, Rusiya Federasiyası sentyabr ayından bəri taxıl dəhlizi razılaşması çərçivəsində Ukrayna limanlarını tərk edən 176 gəminin hərəkətinin qarşısını almağa çalışıb.

“Rusiya sentyabr ayında ərzaqla yüklənmiş gəmilərin hərəkətinin dayandırılması ilə qəsdən ərzaq böhranını kəskinləşdirməyə başlayıb. Sentyabrdan bəri öz marşrutu ilə gedə bilməyən 176 gəmi taxıl dəhlizində qalıb. Bu, 7 milyondan çox istehlakçının qidasıdır. Bəzi taxıl daşıyıcıları üç həftədən çoxdur ki, gözləyirlər. Əlcəzair, Misir, Yəmən, Banqladeş, Vyetnam, bu və digər ölkələr Rusiyanın qəsdən təhrik etdiyi ərzaq böhranından əziyyət çəkə bilər”, – deyə Zelenski həm BMT-ni, həm də G20 ölkələrini Rusiyanın mövqeyinə reaksiya verməyə çağırıb.

Qonşu Rusiyanın taxıl sazişindən çıxmasına dair qərarını şərh edən politoloq Elxan Şahinoğlu gəmilərə hücum edilməsinin bəhanə olduğunu düşünür.

“Bu, bəhanədir. Rusiya prezidenti Vladimir Putin “taxıl anlaşmasından” narazı qaldığını bir neçə dəfə səsləndirib. Kreml sahibi zorən imzaladığı anlaşmadan çıxmağa hazırlaşırdı. Onun sözlərinə görə, guya Ukrayna taxılı vəd verildiyi kimi ərzaq problemi olan üçüncü dövlətlərə deyil, Avropa ölkələrinə satılır. Putin Ukrayna taxılının hansı ölkələrə satılması prosesinə də nəzarət etmək istəyir. Putin “taxıl anlaşmasından” çıxmaqla tərəfdaşı Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanı pis vəziyyətdə qoyub. Bu anlaşmanın imzalanması üçün Ərdoğan xeyli çalışıb və əldə edilən nəticəni öz xanasına yazıb. İndi isə haqqında uğur kimi danışdığı “taxıl anlaşması” tərəflərdən birinin qərarıyla ləğv edilir. Ərdoğan “taxıl anlaşması” pozulmasın deyə Moskva və Kiyevə zənglər etmək və tərəfləri yenidən razı salmaq məcburiyyətində qalacaq. Çətin prosesdir. Bir-biri ilə müharibə aparan və bir-birlərinin ərazilərini bombalayan iki dövlətin sülh olmadan “taxıl anlaşmasına” riayət edəcəyi problematikdir,- deyə Elxan Şahinoğlu qeyd edib.

Qeyd edək ki, Zelenski ilə yanaşı, Ukrayna xarici işlər naziri Dmitri Kuleba da Rusiyanın taxıl sazişindən çıxmasına reaksiya verib. XİN başçısı vurğulayıb ki, Moskva taxıl dəhlizini bloklamaq üçün saxta bəhanədən istifadə edir.

“Biz xəbərdarlıq etmişdik. İndi Moskva milyonlarla insanın ərzaq təhlükəsizliyini təmin edən taxıl dəhlizini bloklamaq üçün saxta bəhanədən istifadə edir. Mən bütün dövlətləri Rusiyadan aclıq oyunlarını dayandırmağı və öhdəliklərini yerinə yetirməyi tələb etməyə çağırıram”, – Kuleba Qərb ölkələrindən kömək istəyib.

Sazişin iştirakçılarından biri olan BMT isə problemi həll etmək üçün Rusiya ilə təcili danışıqlara başlayıb.

BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik mediaya açıqlamasında bildirib ki, Rusiyanın taxıl sazişində iştirakını dayandırmaq qərarı ilə bağlı təşkilat Moskva ilə əlaqə saxlayır. Düjarrik, həmçinin diqqətə çatdırıb ki, tərəflərin mühüm humanitar təşəbbüs olan və bütün dünyada milyonlarla insanın ərzağa çıxışına müsbət təsir göstərən Qara dəniz taxıl təşəbbüsünü təhlükə altına sala biləcək istənilən hərəkətdən çəkinmələri vacibdir.

Xatırladaq ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə ixracı probleminin həlli üçün sənədlər paketi imzalanıb. İmzalanan sənədlərdən biri Ukraynanın nəzarətində olan Qara dəniz limanlarından taxıl ixracının mexanizmini müəyyən edib. Türkiyə, Ukrayna, Rusiya və BMT tərəfindən yaradılmış dördtərəfli koordinasiya mərkəzi silah qaçaqmalçılığı və təxribatların qarşısını almaq üçün taxıl gəmilərinə baxış keçiriblər.

Gununsesi.info