“Qəbələyə yeni dəmiryol xətti çəkiləcək” - CAVİD QURBANOV DEYİR Kİ, YOLLAR QATARLARIN SÜRƏTLƏ GETMƏSİNƏ HAZIRDIR (VİDEO)

  • By admin
  • 13 Oktyabr 2018 00:13

Azərbaycan Dəmir Yolları QSC-nin sədri, millət vəkili Cavid Qurbanovun jurnalistlərə müsahibə verib.

ADY rəhbəri müsahibəsində dəmir yollarının perspektivi haqqında danışıb.

Gununsesi.org bildirir ki, Cavid Qurbanov dəmiryolçuların qarşısında görüləcək çox böyük işlərin dayandığını deyib. “Bunu cənab Prezident də sonuncu müşavirədə vurğuladı. Ümumiyyətlə, dəmiryolda həyata keçirilən layihələr çoxdur. Bunlara həm Şərq-Qərb, həm Şimal-Cənub dəhlizinin yenidən qurulması, həm Bakı dairəvi yolunun demək olar ki, yenidən qurulması və vaxtilə “elektriçka” adlandırdığımız elektrik qatarlarının tamamilə yenilənməsi daxildir. Eyni zamanda qarşıda Qəbələyə yeni dəmiryol xəttinin çəkilişi məsələsi dayanır. Şimal-Cənub dəhlizinin tərkib hissəsi olaraq Bakıdan Yalamaya qədər yolun bu ilin sonunadək tenderinin başa çatdırılması və gələn ildən həmin yolun bərpasına və yenidən qurulmasına başlanılması nəzərdə tutulur. Şahdağa gedəcək dəmiryol xəttinin layihələndirilməsi də nəzərdə tutulur. Bundan başqa dəmiryolu xəttinin Lənkəranda dəniz kənarından çıxarılaraq Lənkəran şəhərinin yaxınlığındakı avtomobil yollarının yanından keçməklə bir daha Astarada birləşdirilməsinin həyata keçirilməsi nəzrdə tutulur. Eyni zamanda İran tərəfdə icarəyə götürdüyümüz terminaldakı işlərin tamamailə başa çatdırılmasıdır. Və nəhayət bu qədər genişmiqyaslı layihələrin uğurla icrası üçün lazım olan texnikaların da ölkəyə gətirilməsi nəzərədə tutulur. Naxçıvanda da dəmiryollarının yenidən qurulması nəzərdə tutulur və bu istiqamətdə də işlər aparılır. Sadaladığım bütün bu istiqamətlərlə çox ciddi məşğuluq. Ölkə başçısının dəmiryolçuların qarşısında qoyduqları tapşırıqları yerinə yetiririk”.

Bakı dairəvi yolu haqqında da danışan ADY rəhbəri deyib ki,  bu yol Biləcəridən və Xıradalandan keçməklə Sumqayıta çatmaq 42 km-lik məsafədir. Əks istiqamətdə isə yol 5 km daha da uzanaraq 47 km-ə çatır: “Beləliklə də dairəvi yolun tamamlanması 87-91 km arasında dəyişə bilir. Çünki bəzən elə olur ki, yol müəyyən yerlərdə bir az yaxınlaşdırılır və genişləndilir. Ona görə də məsafənin dəqiq uzunluğu yalnız dairəvi yol tam başa çatdırıldıqdan sonra bəlli olacaq. Bir sözlə, Bakıdan Biləcəri, Xırdalan, Sumqayıt, Saray, Novxanı, Fatmayi, Məhəmmədli, Zabrat-1, Zabrat-2, Bakıxanov, Koroğlu və şəhərə çıxmaqla 14 stansiyamız olacaq. Nəzərdə tutulur ki, bu stansiyalar vasitəsilə sutkada 30 mindən artıq sərnişinin daşınması həyata keçirilsin. Bu yollarda hərəkət edən elektrik qatarlarının təxmini sayı 15 – dən ibarət olacaq. Sərnişin sıxlığını nəzərə alaraq bu qatarların sayını azaldıb-artırmaq da mümkündür. Bilirsiniz ki, artıq bu yolun Bakıdan Sumqayıta qədər olan hissəsi istifadəyə verilib və sərnişinlərin ixtiyarındadır. Sumqayıtdan sonrakı stansiyalar üzrə işlər də aparılır. Yol boyu təxminən 20-dən artıq yeraltı-yerüstü keçidlərin tikintisi nəzərdə tutulur. Sonuncu qəzadan sonra bir daha belə qərara gəldik ki, hardakı avtomobil yolları ilə kəsişmələr var və təhlükəsizlik məsələsi qabarıq nəzərə çarpır, orada yol keçidlərini tamamilə fərqli formada tikək. Yolun Sumqayıtdan Sabunçuya qədər olan hissəsində demək olar ki, işlərin böyük əksəriyyəti yerinə yetirilib, Sabunçudan Bakı istiqamətinə doğru da işlər gedir. Sumqayıt stansiyası da tam hazırdır və ilin axırına qədər sərnişinlərə yüksək xidmət göstərmək üçün bütün infrastrukturu ilə birgə işlər görülüb.

Özünüz də görürsünüz ki, Bakıda avtomobil sıxlığı günü gündən artır və çoxsaylı yolların, körpülərin, yol qovşaqlarının istifadəyə verilməsinə baxmayaraq paytaxtda və Abşeron yarımadasında sıxlıq müşahidə edilir. Ona görə də sərnişin sıxlığının qismən də olsa azalması üçün dəmiryolla daşımaların çoxalması çıxış yollarından biri kimi nəzərdə tutulur və buna görə də Bakı-Bakıətrafı dəmirolu şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur. Cənab prezident bununla bağlı dəmiryolçulara ciddi tapşırıq verib. Biz Dübəndiyə qədər olan yolu yenidən quracağıq, qismət olsa Maştağa və Bağlar deyilən yerə qədər yolların yenidən qurulmasını təmin edərək sərnişinlərin istifadəsinə verəcəyik. Cənab prezidentin sonuncu müşavirədə söylədiyi kimi ilin sonuna qədər Bakıdan Gəncəyə qədər sürətli qatarı sərnişinlərin ixtiyarına verməyə hazırlaşırıq. Artıq “Ştadler” firmasının yüksək komfortlu iki mərtəbəli qatarları Bakıdadır. Həmin qatarlarda həm sadə, həm VİP və biznesklaslar var. Yəni sərnişinlərin məmnunluğu üçün bütün komfort nəzrədə tulub. Hər vaqonun ayrıca sanuzeli var, hər vaqonda sərnişinlərin rahatlığı üçün soyuducular və kiçik mətbəx formasında yüngül qəlyanlatı etmək imkanı var. Vaqonlar Wi-Fi ilə təmin olunacaq və sərnişinlərin rahatlığı üçün bütün şərait yaradılacaq. Sürət məsələsinə aydınlıq gətirim. Biz artıq həmin qatarların sürətini dəmiryollarında sınaqdan keçirmişik. Yeni qatarların faktiki sürəti saatda 300 km olsa da Azərbaycan dəmiryollarının bu günki imkanları maksimum saatda 150-160 km-dən artıq getməyə imkan vermədiyindən hələlik bu sürətlə kifayətlənməli olacağıq. Çünki hələlik yollarımızın kənarları tam bağlanmayıb, ölkəboyu təhlüksəiz keçidlərlə təmin olunmayıb, təhlükəsizlik məsələləri sonadək həllini tapmayıb, ona görə də sürəti hələlik 150-160 km-dən çox edə bilməyəcəyik. Bakı-Lənkəran istiqamətində də dövlət başçısının söylədiyi kimi, artıq vəsait ayrılıb, ilin sonunadək xarici şirkətlər tərəfindən həyata keçirilən layihələndirmə işləri başa çatdırılacaq, inşallah tezliklə həmin yolun köçürülməsi işlərinə də başlayacağıq”.

Cavid Qurbanov Qəbələ yolu haqqında isə bunları deyib: ” Ağdaşın Ləki stansiyasından dönməklə Qəbələnin hava limanınadək çəkiləcək dəmiryolunun hər iki istiqamət üzrə torpaq məsələsi həll olunub və təxminən 20 km məsafədə torpaq yatağı da hazırlanıb. Bilirsiniz ki, həmin ərazidə müvafiq torpaq yatağının hazırlanması çox çətindir, biz Balakəndən, Zaqataladan çınqıl daşımaqla yeni yol yatağı inşa edirik. Həmin yolun tikintisi zamanı 2-3 ay qoruqla problemimiz olmuşdu, ancaq ölkə başçısının tapşırığı ilə həmin məsələ də həllini tapdı. Ona görə də həmin yolun tikintisi də cənab prezidentin daimi nəzarətində uğurla davam etdirilir. Bir sözlə, biz çalışacağıq ki, gələn ildən turistlərimizi Bakıdan Qəbələyə qədər 210 km məsafəni komfortlu qatarlarla apara bilək. Bunun üçün mən ölkə başçısına müraciət etmişəm, İqtisadiyyat azirliyi ilə söhbətimiz olub, əlavə olaraq 11 elektrik qatarı, 3 yeni dizel qatarların alınması vacibdir. Yəqin ki, bu məslə də hökümətin investisiya qoyuluşlarında öz əksini tapacaq.

Bakıdan Gürcüstandan keçməklə Qarsa qədər olan yolda da işlər başa çatıb. Bir həftə öncə biz Gürcüstan dəmiryolları ilə birlikdə yolun ilkin istismarı üçün təlimatı imzaladıq. Yəni yolun sərnişin daşımaya hazır olduğunu həm Gürcüstan tərəfi, həm də biz təsdiq etmişik. Qeyd edim ki, bu günədək həmin yoldan 3 minədək vaqon və konteyenrin daşınması təmin olunub. Bilirsinioz həmin yolun üzərində relyefi çox çətin olan çoxlu ərazilər var. Amma buna baxmayaraq cənab prezidentin iradəsinə və dəstəyinə arxalanaraq bu işləri başa çatdırmağa nail olduq. Həmin yol boyu təxminən 2 minə yaxın işçimiz çalışır. Onların 30 faizi yükəsk savadlı peşəkar azərbaycanlılardır. Ərazidə Azərbaycan Dəmir Yollarının təxminən 500 texnikası işləyir. Gürcüstandakı stansiyaların və digər infrastruktur tikililərinin inşası başa çatdırılıb. Təxminən 20 km-ə yaxın stansiya yolları, körpülər, tunellər inşa edilib. İnşallah gələn il “Ştadler” firmasının qatarları Azərbaycana gələndə ilk olaraq jurnalistlərlə bilikdə Türkiyəyə həmin yolla səyahət edəcəyik.

Bakıdan-Balakən istiqamətində də işlər görülür. Bilirsiniz ki, həmin yolla çoxlu sərnişinimiz dəmiryolunun xidmətindən istifadə edir. Hər gün 10 vaqondan ibarət qatar sərnişinlə tamamilə dolmuş şəkildə hərəkət edir. Keçən ildən həmin yolun da təmirinə başlamışıq. İndiyə qədər təxminən 60-70 min şpal yeniləmişik. Bu işlərə də davam edirik. Dəmir yolu öz daxili imkanları hesabına 40 milyon dollara yaxın vəsaitlə yol tikintisi üçün xaricdən texnika alınıb. Kreditin hesabına Avstriya istehsalı olan müasir yoldöyən texnikalar alınıb ölkəyə gətirilib. Bir şeyi də deyim ki, biz ilk dəfə bu il Azərbaycan dəmir yollarının tarixində ən çox yol təmiri aparmağa nail olmuşuq.

Bu gün Bakıdan Gəncə və Böyük Kəsik istiqamətində gedən köhnə qatarlarda da sürət həddi saatda 80 km dən aşağı deyil. Ola bilsin ki, hansısa yerdə sürət həddini aşağı salmaq zərurəti var. Amma bütövlükdə yollar qatarların bu sürətlə getməsinə hazırdır. Mən möhtərəm cənab prezidentə və Nazirlər Kabinetinə müraciət etmişəm. Dəmiryoluna əlavə yükdaşımalar üçün vaqonlar lazımdır. Sərnişin vaqonlarımızın səviyyəsinin qaldırılması çox vacibdir. Hər böyük təsərrüfatda olan məsələlər kimi bizdə də çatışmazlıqlarımız var. Amma bir daha deyirəm ki, möhtərəm cənab prezidentin iradəsinə və dəstəyinə dayanaraq bu çatışmazlıqları, səhvləri aradan qaldırmağa çalışırıq”.

Pərviz Həşimli

Gununsesi.org