
Qətər və Azərbaycan arasında münasibətlər gündən-günə inkişaf edir və siyasi baxımdan beynəlxalq arenada mövqelərimiz eynidir.
Gununsesi.info xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, görüşdə Qətərlə Azərbaycan arasında ikitərəfli münasibətlərə, o cümlədən iqtisadi əlaqələrin inkişafına toxunulub:
“Böyük planlarımız var. Bu gün, həmçinin hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək. İqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün planlarımız var. TAP, TANAP, Cənub qaz dəhlizi layihələrinin həyata keçirilməsini gedişi barədə müzakirələr apardıq. Biz qərara gəlmişik ki, fevral ayında iqtisadi əlaqələri daha da intensivləşdirək. Biz Körfəz ölkələri ilə güclü əməkdaşlıq qururuq. Ola bilsin ki, bu yay Bakıda Körfəz ölkələri xarici işlər nazirləri ilə görüş oldu”.
E. Məmmədyarov Qətər və Azərbaycan arasında turizm sahəsində əlaqələrin inkişafı üçün böyük imkanlar olduğunu söyləyib:
“Bu ölkədən Azərbaycana gələn turistlərin sayı gündən-günə artır. Qərara gəlmişik ki, “Qatar Airlines” Azərbaycana uçuşlarını artırsın”.
Azərbaycan XİN başçısı iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün böyük imkanlar olduğunu vurğulayıb.
O, deyib ki, Azərbaycan Prezidentinin Dohaya səfərinin təşkili üzərində iş gedir və bu səfər zamanı iqtisadi əlaqələrin inkişaf yolları müzakirə ediləcək.
Öz növbəsində, Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Təni də Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirib.
Turizm sahəsində əməkdaşlıq barədə danışan nazir görüş zamanı iki ölkənin vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi, eləcə də təhsil, o cümlədən tələbə mübadiləsi sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdiklərini söyləyib.
Mürtəza
Gununsesi.info









