“Qaçqın və məcburi köçkünlər əl-ələ verib öz yurdlarına doğru dinc yürüş etməlidirlər” - ELMAN MƏMMƏDOV

  • Müəllif: admin
  • 16 Noyabr 2017 16:00

Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Rusiyanın patronajlığı altında növbəti danışıqlar raundu keçirilir. Bu məqsədlə  Azərbaycan XİN başçısı Moskvada ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşüb. Noyabrın 15-də isə erməni tərəfi həmsədrlərlə görüşüb.  Qarabağdakı vəziyyəti müzakirə emtək məqsədi ilə bir neçə gündən sonra Rusiya XİN başçısı Sergey Lavrov Azərbaycan və Ermənistana səfər edəcək.

Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində aparılan növbəti danışıqlar raundu ilə bağlı Xocalıdan olan deputat Elman Məmmədova müraciət etdik.

Gununsesi.info-ya açıqlama verən deputat Elman Məmmədov Qarabağ münaqişəsinin Azərbaycanın bir nömrəli, ən ağrılı problemi olduğundan bunu aktual məsələ olaraq gündəmdə saxlayır. İşğal faktının və danışıqlar prosesinin bu qədər uzanmasına gəldikdə isə E.Məmmədov deyib ki, bu, düşmən dövlətin və onun havadarlarının əməli köməyi nəticəsində olub: “Münaqişənin uzanması onlara sərf edir. Və bu proses bizim ziyanımızadır. Yəni ATƏT-in Minsk Qrupu həmsədrləri və digər güclər Azəbaycana təzyiq edib, müəyyən şərtləri Azərbaycana qəbul etdirməklə problemin həllinə nail olmaq istəyirlər. Lakin elə bu günlərdə YAP-ın 25 illik yubleyi ilə bağlı keçirilən toplantıda ölkə başçısı bir daha bəyan etdi ki, işğal altında olan torpaqlarımız işğaldan azad ediləcək. Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti ola bilməz”.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətinə gəldikdə isə E.Məmmədov deyib ki, onlar bir beynəlxalq turizm şirkətinin nümayəndələri kimi dünyanın müxtəlif ölkələrinin müxtəlif şəhərlərində dəbdəbəli otellərdə yaşamaqla, 20 ildən artıqdır Qarabağla bağlı nəticəsiz danışıqlar aparmaqla məşğuldurlar: “Çünki işğal altında olan onların torpaqları deyil. Bu işğal faktorunu yaradanlar da, bu torpaqların indiyədək işğal altında qalmasının səbəbkarları da onlardır. Yoxsa, heç kimin ağlına gəlməzdi ki, cırtdan bir ölkə Azərbaycan torpaqlarını işğal edib, bu torpaqları işğal altında bu qədər saxlaya bilər. Bu gün Azərbaycan ordusu düşməni işğal etdiyi torpaqlardan qısa zamanda silib-süpürməyə qadirdir. Azərbaycan ordusunun belə bir addım atmasına isə elə ATƏT-in Minsk Qrupu həmsədr ölkələri, BMT kimi beynəlxalq təşkilatlar əngəl olur. Bu təşkilatlar Qarabağ münaqişəsinin həllinə öz mənafeləri çərçivəsində yanaşır. Onların tutuquşu kimi bir şüarı var: “Qarabağ probleminin hərb yolu ilə həlli variantı yoxdur”. Mən də bir azərbaycanlı kimi deyirəm ki, Qarabağ probleminin sülh yolu ilə həlli yoxdur”.

Deputat əlavə edib ki, Azərbaycanın danışıqlar prosesindən imtina etməsinin tərəfdarı deyil: “Danışıqlar prosesinin daha konstruktiv və ədalətli davam etdirib, nəticə əldə etmək üçün Azərbaycan hərb variantından istifadə etməlidir. Artıq hərbi gücdən istifadə etməklə vaxtaşırı düşmənə zərbə  endirib, danışıqları davam etdirməlidir. Yəni həbri güclə düşməni nəticəli danışıqlara vadar etmək lazımdır. Bu üsulla məsələnin sülh yolu ilə həllinə nail olmaq lazımdır. Əks təqdirdə onlar üçün fərqi yoxdur. Ermənilər havadarlarının dəstəyi ilə Azərbaycan torpaqlarını işğal edib və indi də həmin havadarlarının maddi dəstəyi, silah, pul, eyni zamanda siyasi dəstəyi ilə orada oturublar”.

Deputat hesab edir ki, Azərbaycan heç bir beynəlxalq gücdən çəkinmədən torpaqlarını işğaldan azad etmək üçün sözdən əmələ keçməlidir: “Ermənilər hər an bizim gücümüzü görüb, üzərlərində bunu real olaraq hiss etməlidirlər. O zaman danışıqlar nəticəli olar. Bundan başqa çıxış yolu yoxdur”.

Millət vəkili onu da bildirib ki, münaqişənin həllinin beynəlxalq aləminin diqqətinə çatdırıb, gündəmdə saxlamaq üçün digər variantlar da mövcddur və bu variantlardan istifadə etmək lazımdır: “Bu gün Azərbaycanda bir milyonadək qaçqın və məcburi köçkün var. Bunların bir neçə yüz mini bir araya gəlib, beynəlxalq təşkilatlar və aləmə müraciət ünvanlayır. Müraciətdə konkret vaxt göstərilməklə öz ata yurdlarına əliyalın qayıtmaq istədiklərini bildirirlər. Bu müraciət dünya mediasında da işıqlandırılır və həmin vaxtda bir neçə yüz min qaçqın və məcburi köçkün böyükdən kiçiyinə kimi əl–ələ verib öz yurdlarına doğru dinc yürüş edirlər. Bu qədər insanı erməni öldürməyəcək ki?! Bir də əgər  həqiqətən də torpaqlarımızın azad olunmasını istəyiriksə, canımızdan keçməyi də bacarmalıyıq. Buna 50 milyonluq dünya azərbaycanlıları da dəstək verməlidir. Yəni belə çoxsaylı ideyalar reallaşdırmaqla Qarabağı beynəlxalq aləmin gündəmində saxlamaqla nəticəyə nail olmaq olar. Necə ki, zamanında türklər Çanaqqalada dünya güclərinin onların üzərinə gəlməsinə baxmayaraq, bir nəfər kimi ayağa qalxıb ölümə getdilər və qalib oldular. Biz də bu yolu seçməliyik. Belə bir vəziyyətin yetişməsi üçün millətin, xalqın ruhunu o istiqamətdə kökləməliyik. Lakin milləti də qınamaq olmaz. Bunun üçün güclü ideoloji iş aparılmalıdır. Nə qədər ki, biz bunu etməmişik ermənilər o torpaqlardan çıxmayacaq”.

Mürtəza Bünyadlı

Gununsesi.info