Qadın voleybolçularımıza medalları Azad Rəhimovla Cavid Qurbanov təqdim etdilər - FOTOLAR

  • By admin
  • 18 May 2017 23:18

azad-cavid

V İslam Həmrəyliyi Oyunlarında qadın voleybolçuların yarışına mayın 18-də yekun vurulub.

Gununsesi.info xəbər verir ki, “Baku Crystal Hall”da keçirilən yarışın finalında Türkiyə yığmasına qalib gələn Azərbaycan milli komandası İslamiadanın çempionu olub.

Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmanın birinci seti voleybolçularımızın aşkar üstünlüyü ilə yekunlaşıb – 25:12. Lakin ikinci setdə daha inamlı oynayan türkiyəli voleybolçular 25:23 hesabı ilə qalib gəliblər. Üçüncü setdə təşəbbüsü ələ alan yığma komandamız seti öz xeyrinə başa vurub – 25:20. Voleybolçu qızlarımız dördüncü setdə də gözəl oyun nümayiş etdirərək 25:21 hesabı ilə qələbə qazanıblar.

Beləliklə, Azərbaycanın qadın voleybolçuları İslamiadanın qızıl medallarına sahib olublar. Türkiyə millisi ikinci, Qırğızıstan yığması isə üçüncü yeri tutub.

Üçüncü yer uğrunda görüşdə Tacikistan və Qırğızıstan yığmaları üz-üzə gəliblər. Matçda 3:0 hesabı ilə qalib gələn Qırğızıstan millisi İslamiadanın bürünc medallarına sahib olub. Qırğızıstanlı voleybolçular hər üç setdə böyük fərqlə qələbə qazanıblar – 25:10, 25:12, 25:16.

voley-islam

Yarış başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub.

Medalları qaliblərə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov və İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faysal Əbdüləziz Əl-Nassar təqdim ediblər.

Gununsesi.info