Qadınların pensiya yaşının 65-ə qaldırılması təklifinə CƏMİYYƏTDƏN SƏRT TƏPKİ

  • By admin
  • 27 Yanvar 2017 15:57

pensiyaa

Azərbaycanda peşə sahələri üzrə əmək pensiyasına görə yaş həddinin artırılması, pensiya sistemi ilə bağlı digər düzəlişləri özündə əks etdirən “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi Milli Məclisə daxil olub. Qanun layihəsinin 2017-ci il yaz sessiyasında müzakirəyə çıxarılması planlaşdırılır.

Qeyd edək ki, saytımıza daxil olan məlumata görə, burada əsas dəyişiklik qadınların pensiya yaş həddinin artırılmasının nəzərdə tutulmasıdır. Belə ki, təklif olunan dəyişikliklərə görə, qadınlar da artıq kişilər kimi, 65 yaşında pensiyaya çıxacaqlar.

Bu isə artıq cəmiyyətdə geniş rezonansa və etirazlara səbəb olub.

Gununsesi.info xəbər verir ki, hətta sosial şəbəkələrdə bu haqda kifayət qədər iradlar bildirilsə də, hökümət bu addımın hansı zərurətdən irəli gəlməsi haqda açıqlamalar verməyib. Mütəxəssislər hesab edirlər ki, bu qanun layihəsinin həyata keçirilməsi, vətəndaşların sosial ödənişlərə və pensiya təminatına marağının azaldılmasına gətirib çıxara bilər.

İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, özəliklə pensiya yaşının artırılması bir çox Avropa ölkələrində, əsasən, əhalinin sürətlə qocalması və demoqrafik vəziyyətin ağır olması ilə əlaqədardır: “Məsələn, Yaponiyada əhalinin surətlə qocalması ilə bağlı pensiya sisteminə dair müəyyən addımlar atılıb. Şükürlər olsun ki, Azərbaycanda demoqrafiq vəziyyətlə bağlı heç bir problem yoxdur, əhalinin böyük hissəsini gənclər təşkil edir. Bu gün Azərbaycanda yaş həddinin artırılması ilə bağlı irəli sürülən təklif, iqtisadi məsələlərlə bağlıdır. Məqsəd gələcəkdə Təqaüd Fondunun üzərinə düşən yükü azaltmaqdır”- deyə, N. Cəfərli bildirib.
Onun sözlərinə görə, əvvələr müxtəli peşə sahəsində calışan insanlar pensiya yaşına çatdıqdan sonra həm təqaüd, həm də maaş alırdılarsa, indi yeni qanun layihəsinə əsasən, insanlar təqaüd yox, yalnız maaş alacaqlar: “Azərbaycanda irəli sürülən bu təklifin məğzi, iqtisadi problemlərdən doğan məsələdir. Digər ölkələrdə isə qeyd etdiyim kimi bu demoqrafiq, yəni əhalinin surətlə qocalması faktı ilə bağlı olan məsələdir”.
Bu qanun layihəsi təsdiqlənərsə, vətəndaşların sosial ödənişlərə və pensiya təminatına marağının azaldılmasına gətirib çıxarmasına gəlincə isə, N. Cəfərli bildirib ki, son 11 ildə Azərbaycanda təqaüdlə bağlı bir neçə dəfə qərarlar qəbul edilib, hesablama və yanaşma qaydaları dəyişdirilib: “Nəticədə insanlarda Təqaüd Fonduna olunan ödəmələrə marağı azaldıb. Bunun isə tək çıxış yolu Azərbaycanda Özəl Təqaüd fondlarının yaradılması və dövlətlə paralel fəaliyyət göstərməsinə icazə verilməsindən geçir. Əgər ölkədə bir neçə Özəl Təqaüd fondları fəaliyyət göstərsəydi, o zaman fondlar arasında rəqabət mühüti yaranardı. Rəqabət mühiti şəraitində hansı fond daha yaxşı, cəlbedici təkliflərlə çıxış edəcəksə, vətəndaşlar da həmin fondla müqavilə bağlamaqda maraqlı olacaqdılar. Bu Türkiyədə də belədir. Hazırda Gürcüstan da bu sistemə keçib. Artıq xeyli vaxdır Avropa ölkələr bu sistemlə işləyir. Vətəndaşlarla təqaüd fondu arasında bağ yaradılmalıdır. Bir daha qeyd edirəm ki, bunun da yolu, rəqabətdən keçir. Bir neçə təqaüd fondunun yaradılması, həm də xarici təqaüd fondlarının bazara daxil olması imkanı yaradılması, gələcəkdə vətəndaşlara seçim imkanları yaradacaq. İndiki vəziyyətdə bununla yalnız dövlət məşğul olur”, – deyə o bildirib.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, İnsan hüquqları məsələləri üzrə Birgə İşçi Qrupun katibi, hüquq müdafiəçisi Sahib Məmmədov isə qadınların pensiya yaş həddinin daha 5 ilin artırılması, yəni, kişilərlə bərabər 65 yaşa qaldırılması ilə bağlı məlumatsız olduğunu bildirib: “Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu vətəndaşların fonda ödənməli olduğu vəsait yığımını həyata keçirməkdə çətinlik çəkir. Belə ki, ölkədə 4 milyon 500 min fəal işçi qüvvəsi var. Fəal işçi qüvvəsindən isə yalnız 1 milyon 500 min işçinin əmək müqaviləsi var. Onların da bir çoxu özəl şirkətlərdə çalışır ki, mühasibatlıqda onların əmək haqqları göstərilmir. Azərbaycanda ömür göstərici Avropa ilə nisbətdə çox deyil. Bu gün Azərbaycanda təqaüdə çıxan insanlar yaşayışını yaxşı təmin etmək məqsədi ilə işləməyə cəhd göstərirlər. Yaxşı olar ki, insanlar vaxtında pensiyaya çıxsınlar”- deyə,o bildirib.

Qeyd edək ki, pensiya islahatları ilə bağlı yeni qanun layihəsinin hazırlanmasının və parlamentin qarşıdan gələn yaz sessiyasının müzakirələrinə çıxarılaraq qəbulunun nəzərdə tutulmasının əsl mahiyyəti bəlli olub.
Xatırladaq ki, 2008-cu ildən dünyada başlanan, başladılan və son illər daha kəskin xarakter alan maliyyə-iqtisadi böhranın Azərbaycana da təsir etməsi, daha doğrusu, maliyyə çatışmazlığının yaranması ilə bağlıdır. Bu haqda saytımızı bilgiləndirən və adının çəkilməsini istəməyən hökumətdəki yüksək çinli bir məmurun bildirdiyinə görə, qanun layihəsinin təşəbbüskarı da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Prezident Administrasiyasının (PA) müvafiq şöbəsidir.

Anar
Gununsesi.info