“Qara qızılgül”ün hekayəsi - Və yaxud, Baninin " Qafqaz günləri" haqqında təəssüratlarım

  • By admin
  • 12 İyun 2023 09:17

Banin-in “Qafqaz günləri” əsərini oxumaq üçün bəlkə də çox gec qalmışam. Amma heç oxumamaqdansa, necə deyərlər gec oxumaq yaxşıdır. Hər kəsə bu kitabı oxumağı şiddətlə tövsiyə edirəm. Niyəsini deyəcəm. Hələlik tanımayanlarla Banini tanış edim.

İlk fransızdilli azərbaycanlı yazıçı Banin iki mötəbər Bakı milyonçusunun nəvəsidir. Ağa Musa Nağıyevin qızı ilə Şəmsi Əsədullayevin oğlunun izdivacından dünyaya gələn Ümm- ül- banudan gedir söhbət.

Özü ötən əsrin 80-ci illərin sonunda yazıçı Elçinə məktubunda adının yazılışını belə təqdim edib; Ümm-ül-banu! 1905-ci ildə doğulan Ümm -ül-banuya anasının adını veriblər. Əsərində belə yazır ; heç kəs inanmaz ki, mən də o vaxtkı qırğında iştirak etmişəm, əslinə qalsa, belədir ki, mən dünyaya gələndə anamı öldürmüşəm, yəni onun ölümünə mən səbəb olmuşam.

Beləcə kiçik Ümm-ül-banu dünyaya gəlişi ilə anasının- milyonçu Musa Nağıyevin yeganə qızının ölümünə səbəb olub. Doğru deyiblər ki, varlılar da ağlayır. Sonrakı illərdə Musa Nağıyev həm də oğlu İsmayılı itirir. Bakının ən gözəl tikililərindən olan məşhur “İsmailiyyə” də bilirsiz ki, gənc İsmayılın xatirəsi üçün inşa edilir. Maraqlıdır ki, Baninin ” Qafqaz günləri” əsərində dayısı İsmayıl haqqında bircə cümlə də yoxdur. Ümumiyyətlə, Banin öz ailəsi ilə qətiyyən fəxr etməyib. Cəmi bir yerdə milyonçu babasının – Musa Nağıyevin ölüm səhnəsini canlandırır, orada da sadəcə nifrətlə. Elə əsərin özü də bu cümlələrlə başlayır; “Bəzi adamlar kasıblıqlarına baxmayaraq , nəcib ailələrdə doğulurlar. Mənim dünyaya gəldiyim ailə çox varlı olsa da, ” yaxşı” nəsildən deyildi. ”
Əlbəttə, yazıçı fikirlərini heç əsaslandırmasa belə, milyonçu babalarının “saman satan” keçmişinə işarə etdiyini dərhal anlayarsan. Samansatan isə Allahın mərhəməti ilə ZƏNGİN ola bilər, amma ZADƏGAN ola bilməz! Zadəganlıq insanın kökündən, əsil-nəcabətindən gəlir ki, o da nə Nağıyevlərdə, nə də Əsədullayevlərdə vardı. Onlar lüt-üryan adamlardı, sadəcə bəxtləri gətirdi, qoyun otardıqları qara torpaq ” qara qızıl” püskürdü və təhsilsiz, avam adamlar milyonçuya çevrildilər.

Ona görə də “Bizim ailənin münasibətlərində dava-dalaş çox mühüm yer tutur” deyə Banin yazırdı. Özü isə bu dava-dalaşın tərkib hissəsinə ona görə çevrilmirdi ki, tərbiyəsi söyüşcül və cahil nənəsinə, qeybətcil bibilərinə deyil, alman əsilli dayəyə tapşırılmışdı. Bir sözlə, Banin ta körpəlikdən avropalı kimi böyümüşdü və buna görə sevmədiyi atası Mirzə Əsədullayevə çox minnətdardı. Əslində bu kitabın yazılmasında da elə o tərbiyə əsaslı rol oynamışdı. Banini oxuduqca mədəniyyətlərin fərqini o qədər çılpaqlığı ilə dərk edirsən ki! Bir yanda fanatik müsəlman ailəsində, Şərq görkəmini qoruyub saxlayan şəhərdə Avropa mühiti yaratmağı bacaran alman tərbiyəçi freyleyn Anna, o biri yanda ” xristian tərbiyəçilərə görə hətta nəvələrini belə öpməyə iyrənən” ağzı söyüşlü nənə! Aman Allah! 20-ci əsrin əvvəlllərinin Bakısında nələr baş verirdi? Aydındır ki, müəllif yazıçı təxəyylünü müəyyən mənada işə sala bilər, amma bu avtobioqrafik əsər olduğundan Banin daha çox reallıqları qələmə alıb; məni ən çox təəccübləndirən ” milyonçu qızlar” ın azad həyatı idi. Müəllif öz bibisi qızının timsalında elə real hekayələr danışır ki, 21-ci əsrin qızlarının belə buna heyrətdən gözü bərələr. Və yaxud, ” Bakının islam cəmiyyətində homoseksuallıq baş alıb gedirdi” iddiası. Bu dəfə də bibioğullarının sərgüzəştləri Baninin qələmində bizə təsirli şəkildə çatdırılır. Ola bilsin ki, sonradan yaşadığı Fransa mühiti və o mühitdə erməni diasporunun gücü bəlkə də müəlliifin mövqeyinə təsirsiz ötüşməyib, hər halda bu ehtimalı da səsləndirməyə bilmirəm. Çünki, Banin həmin bu bibioğlanlarının kiçik yaşlarında hətta erməni qızı Tamaraya təcavüz etdiyini də iddia edir. Müəllif əsərdə bir-iki məqamda “quş da uçurdur”. Bakını İranın əyaləti sayır, 1905, 1918-ci illərdəki qırğınlara ” keçmişin hayıfını çıxmaq” kimi yanaşır. Və həqiqətən belə anlaşılır ki, Fransa mühiti Ümm-ül-banunun tək adını yox, beynini də dəyişdirib.

Bizə gəldikdə isə….Aydın olur ki, bizdə də 1905-ci ildən bu yana çox şey dəyişməyib.Ermənilərlə o vaxtdan münaqişədəyik, Rusiya yenə bizi idarə edir, cəmiyyətimiz varlılara və kasıblara bölünüb, milyonçu Nağıyev qızını yenə də milyonçu Əsədullayevə ərə verir, milyonçuların gül balaları yenə min hoqqadan çıxır, qeybət isə əsrlərdir by millətin axırına çıxa bilməyib. Baxın, Banin nə yazırdı və bu gün bizdə nə dəyişib? ” Nənənmin qızları-bibilərim qeybət qırmağa adət eləmişdilər, heç kimi, hətta öz ata-analarını da bəyənmirdilər. Bacılardan biri çölə çıxan kimi digər ikisi həmin dəqiqə onun , uşaqlarının, ərinin qeybətini qırırdılar.Amma yenə də küsüşəndə biri-biri üçün darıxırdılar”.
Yazıçı Elçin yazırdı ki, Baninin Parisdə, Ryu Loriston küçəsindəki birotaqlı mənzilində olub, onunla görüşüb. Bu mənzildə 80 yaşlı Banin tək tənha yaşayırdı. O, Elçinə oturmaq üçün geniş kürsünü göstərəndə “Burda Bunun əyləşib, siz də əyləşin demişdi.

Ədəbiyyat üzrə ilk Nobel mükafatçısı İvan Bunin Ümm-ül-banuya ” Səmadakı Allah bağının qara qızılgülü” deyirdi. Buninin “qara qızılgülü” arzularının şəhəri Parisdə ağ gün gördümü ? Çətin sualdır.
Amma fakt odur ki, O, 1920-ci iilərin əvvəllərində tərk etdiyi Vətənə -dilini heç əvvəldən də sevmədiyi, sonradan isə tamamilə unutduğu Azərbaycana heç vaxt gəlmədi. Bir söhbətində təyyarə qorxusu olduğunu demişdi, bəlkə də bu səbəbdən. Amma ömrünün son illərində avtomobil qəzasına düşdü və bəlkə də səhhəti imkan vermədi Azərbaycana gəlsin.

Əsas odur ki, o bu gün kitablarıyla Azərbaycandadır. Və…biz onu oxuyur, beləcə təhlil edirik. Yaxşı və pis tərəfləri ilə.

 

Ləman Ələşrəfqızı

Xüsusi olaraq, Gununsesi.info üçün