Qarabağ Azadlıq Təşkilatı erməni deputatların Bakıya gəlişinə etiraz etdi - FOTOLAR

  • By admin
  • 22 Sentyabr 2017 15:12

2.mp4-snapshot-00.05-2017.09.22-14.17.161506079273

Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü erməni deputatların Bakıya səfərinə etiraz olaraq aksiya keçirib.

Gununsesi.info xəbər verir ki, aksiya iştirakçıları ermənilərin də qatıldığı tədbirin keçirildiyi Milli Məclisin qarşısında toplaşaraq, “Rədd olsun işğalçı Ermənistan nümayəndələri!”,  “Erməniləri dəvət edənlərə ar olsun!”, “Ermənilər Bakını dərhal tərk etsinlər!” və digər şüarlar səsləndirib, plakatlar qaldırıblar.

Aksiya iştirakçıları erməni bayrağını ayaqları altına alaraq tapdalayıblar, polislər bayrağı yandırmağa imkan verməyiblər. Polislər aksiyanın qarşısını alaraq, iştirakçıları ərazidən zorla uzaqlaşdırıblar.

Aksiya iştirakçılarının yaydığı bəyanatda bildirilir ki, erməni deputatların Bakıda keçirilən Avronest Parlament Assambleyasının iclasına dəvət olunmaları, onların iştirakına şərait yaradılması şəhidlərimizin ruhlarına təhqir, bütün Azərbaycan xalqına xəyanətdir:

“Nə qədər ki, torpaqlarımız işğal altında, qız gəlinlərimiz əsirlikdə, Dilqəm Əsgərov və Şahbaz Quliyev kimi soydaşlarımız girovluqdadır, ermənilərin hər hansı ad altında Azərbaycana, paytaxtımıza gətirilməsi yolverilməzdir. Bu praktikaya bir dəfəlik son qoyulmalıdır. Biz işğalçı Ermənistan rejiminin təmsilçilərini, bu həyasız deputatların dərhal konfransdan çıxarılmasını, onların Azərbaycandan dərhal getmələrini tələb edirik”.

Gununsesi.info