“Qarabağ danışıqlarının Minsk qrupu formatında aparılmasının əleyhinəyəm” - Pol Qobl

  • By admin
  • 09 Aprel 2018 17:48

“Mən Qarabağ danışıqlarının Minsk qrupu formatında aparılmasının əleyhinə olan adamlardan biriyəm. Ona görə ki, Rusiyanın qrupa daxil olması ilə danışıqların daim davam edəcəyi, amma həllin olmayacağı demək olar ki, təmin olunub”.

Gununsesi.info xəbər verir ki, bunu  ABŞ-ın Sovet İttifaqı məsələləri üzrə keçmiş müşaviri, tanınmış ekspert Pol Qobl “amerikanınsesi”nə  Rusiya və Qərb arasında qarşıdurma, Rusiyanın qonşuları ilə münasibətlərinə, eləcə də keçmiş Sovet İttfaqı ərazisində dondurulmuş münaqişələrin həlli ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, əgər Birləşmiş Ştatlar bu ölkələri Rusiyanın onları yenidən tabeçiliyinə salmaq səylərinə qarşı öz milli maraqlarını müdafiə edə biləcəkləri bir şəkildə dəstəkləməyə hazır olsa idi, bu ölkələrin hamısı Rusiyadan uzaqlaşardı.

“Bu, çox böyük məsələdir. İlk növbədə, siz bir tərəfdən görürsünüz ki, 11 qeyri-rus keçmiş sovet repsublikası və üç işğal edilmiş Baltik dövləti daxil olmaqla, daha çox ölkə Rusiyanın nüfuz dairəsindən çıxmağa çalışır. Rusiya müttəfiqlər tapmır, adamları özündən uzaqlaşdırır. Hətta Putinə çox yaxın olan Belarus belə “yumşaq Belaruslaşma” adı ilə tanınan siyasət yürüdür. Bu, Kremlin istədiyinin tam əksidir. Beləliklə, bir tərəfdən bu ölkələrin Rusiyadan uzaqlaşdığını, mümkün olanda Qərbdə müttəfiq tapdığını görürsünüz. Baltikanın üç ölkəsi NATO-da və Avropa İttifaqındadır. Gürcüstan, Ukrayna bunu istəyərdi. Moldova arxa qapılardan Rumıniya ilə birləşmək istəyə bilər. Bu, çətin ki, Rusiyanın imperiyanı yenidən yarada biləcəyinə dəlalət edir”- deyə, P.Qobl vurğulayıb.

Ekspert hesab edir ki, Putin bu haqda istədiyi qədər danışa bilər: “Amma başqa tərəfdən, bunun əleyhinə işləyən iki faktor var. Rusiya ordusu artıq dünya səviyyəsində deyil. Ordu hələ də qonşu ölkələrin ordularından daha yaxşı və daha güclüdür. Rusiya iqtisadiyyatı da artıq dünya səviyyəsində olmasa da, hələ də keçmiş sovet respublikalarının iqtisadiyyatından daha böyükdür. Bunun nəticəsi olaraq onların bəzisinə böyük təzyiq göstərə bilir və Qərbin də aydın dəstəyi olmadan, xüsusilə də Ukraynada gördüyümüz kimi, qeyri-qanuni və aqressiv vasitələrlə buna adətən nail ola bilir”.

P.Qobl əlavə edib ki, əgər ABŞ bu ölkələri Rusiyanın onları yenidən tabeçiliyinə salmaq səylərinə qarşı öz milli maraqlarını müdafiə edə biləcəkləri bir şəkildə dəstəkləməyə hazır olsa idi, bu ölkələrin hamısı Rusiyadan uzaqlaşardı.

“Təəssüf ki, hazırkı durum budur. Vaşinqton bunu etməyə hazır deyil. Bu da mənim vəziyyətin soyuq müharibə adlandırılmasının əleyhinə olmağımın səbəblərindən biridir. Çünki soyuq müharibə dövrü olsaydı, ABŞ bu ölkələrin Rusiyadan uzaqlaşması və Rusiyanın nüfuzundan kənarlaşdırılması üçün bir çox işlər görərdi. Başa düşmək lazımdır ki, keçmiş Sovet İttifaqı məkanında hara baxsaq, görürük ki, ölkələr öz siyasi sistemlərini möhkəmlətdikdə onlar Rusiyanın üstünlüyündən uzaqlaşmağa çalışır. Rusiya bu səylərin baş verməməsinə çalışır. Qərb isə dəstəyə harada hazır olub-olmaması məsələsində selektiv yanaşma nümayiş etdirir. Ukraynaya keçən il bundan əvvəldən daha çox, amma bizim çoxumuzun görmək istədiyindən az dəstək göstərildi. Rusiyanın 2008-ci ildə Gürcüstana müdaxiləsi zamanı dəstək olmadı. Amma olmalı idi. Amerika prezidenti tərəfindən Putinin təcavüzünə qarşı çıxmağa meyl göstərilmədi. Bu, mürəkkəb işdir. Amma bizim indi Moskvanın dominantlıq etdiyi bir imperiyanın astanasında olduğumuz haqda təsəvvürün düzgün olmadığını düşünürəm. Eyni zamanda, bu ölkələrin Qərbin davamlı dəstəyi olmadan özlərinin müstəqil olaraq yolunu gedəcəyi fikri də problemlidir. Çünki Vladimir Putin beynəlxalq qanunlar çərçivəsində fəaliyyət göstərməyə hazır deyil”,- deyə ekspert qeyd edib.

Qarabağ məsləsinə gəldikdə isə P.Qobl bildirib ki, təkcə Dağlıq Qarabağ deyil, Azərbaycanın ona bitişik bir neçə rayonunu işğal etmiş Ermənistan və Azərbaycan arasında zorakılıqları nəzərə alındıqda bu terminin tamamilə düzgün olduğunu düşünmür: “Fikrimcə Qərb, prezident Donald Trampın rəhbərliyi altında getdikcə münaqişə ilə məşğul olmaq istəmir. Bu, Qərb-Şərq dəhlizi layihəsi ilə bağlı qərar verilməsi prosesindən uzaqlaşaraq, bunun Moskva və bu iki ölkə arasında münasibətlərə yönəlməsinə gətirib çıxarır. Bunun nəticəsində də Moskvaya malik olduğundan daha artıq nüfuz verilir. Bu həm də o deməkdir ki, münaqişənin tərəfləri qərarın onların xeyrinə çıxarılacağı ümidi ilə gözlərini Moskvaya dikməli olur”.

Onun fikrincə, faciə ondadır ki, Rusiya  keçmiş postsovetm məkanındakı bu Transdnestr, Donbas, Qarabağ kimi dondurulmuş münaqişələri həll edilməməsindən  və  sona çatdırılmamasından faydalanır.

“Ona görə faydalanır ki, münaqişə davam etdikcə və Qərb də dominant rol oynamağa hazır olmadıqca, o zaman Moskva son 25 ildə olduğu kimi bir tərəfdən o biri tərəfə qarşı istifadə edə bilər. Mən Qarabağ danışıqlarının Minsk qrupu formatında aparılmasının əleyhinə olan adamlardan biriyəm. Rusiyanın qrupa daxil olması ilə danışıqların daim davam edəcəyi, amma həllin olmayacağı demək olar ki, təmin olunub. Faciəlidir ki, biz başqa formatlarda mümkün olan və əslində, ABŞ-ın vasitəçiliyi ilə Bakı və Yerevan arasında ikitərəfli danışıqlar zamanı olduğu kimi əldə edilən irəliləyişi görmürük”- deyə, P.Qobl bildirib.

 

Gununsesi.info