
Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun “Şuşa qrantı” əsasında nəşr olunmuş “Qarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçirilib.
Gununsesi.info-nun xəbərinə görə, tədbir “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilib. Tədbirdə çıxış edən “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov bildirib ki, kitab-kataloqun müəllifləri Fəzail Vəliyev və Gülzadə Abdulovadır: “Kitab-kataloqda ilk dəfə çöl-etnoqrafik materiallar, arxiv sənədləri, muzey kolleksiyaları, ailə saxlanclarında qorunan fotoşəkillər əsasında XİX-XX əsrin əvvəllərində Azərbaycanın Qarabağ tarixi-etnoqrafik bölgəsi əhalisinin geyim mədəniyyəti, onun təsnifatı, məhəlli-lokal xüsusiyyətləri, əyani-vizual görüntüləri və tarixi-etnoqrafik tədqiqi, həmçinin dövrün sosial-siyasi və iqtisadi-mədəni hadisələrinin geyim mədəniyyətinə təsiri məsələləri öz əksini tapıb. Kitab-kataloq etnoqrafiya və sənətşünaslıq elmi ilə məşğul olan alim və mütəxəssislər, tarixçilər, bu sahədə ixtisaslaşan magistr, dissertant və doktorantlar, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub”-,deyə o bildirib.
Bayram Səfərov çıxışında münaqişənin tarixindən söz açaraq, keçmiş SSRİ-nin 366-cı alayının dəstəyi ilə azərbaycanlılara qarşı soyqırımı törədildiyini, torpaqlarımızın işğal edildiyini də qeyd edib: “Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan siyasət nəticəsində ərazi bütövlüyümüzün bərpa olunacaq, məcburi köçkünlərimizin tezliklə torpaqlarımıza qayıdacaq”-, deyə o, mədəni irsimizə sahib çıxmağımızın vacib olduğunu da vurğulayıb.
Elmin İnkişaf Fondunun icraçı direktoru Elçin Babayev isə “Şuşa qrantı” əsasında nəşr olunmuş “Qarabağ geyimləri” kitab-kataloqunun əhəmiyyətindən söz açıb. O bildirib ki, gələcəkdə də bu yöndə layihələrin dəstəkləyəcəyi də nəzərdə tutulub.
Daha sonra layihənin müəlliflər Fəzail Vəliyev və Gülzadə Abdulova kitab-kataloq haqqında tədbir itirakçılarına geniş məlumat veriblər.
Tədbirdə Qarabağ geyimləri də nümayiş etdirilib. Şuşa Dövlət Teatrının kollektivi isə “Güllələnmiş heykəllər” tamaşasından epizod nümayiş etdiriblər.

Gülnaz Qənbərli
Gununsəsi.info









