“Qarabağ”-ın rəqibinin baş məşqçisi: “Çox güclü komandadır”

  • By admin
  • 19 İyun 2017 21:01

samtredia

“Azərbaycan çempionu “Qarabağ” çox güclü komandadır”.

 Gununsesi.info xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasında Azərbaycan çempionu “Qarabağ”ın rəqibi Gürcüstanın “Samtredia” klubunun baş məşqçisi Georgi Tsetsadze deyib.

G. Tsetsadze bildirib ki, amma biz asanlıqla təslim olmaq niyyətində deyilik:

“Düzdür, ötən il Azərbaycanın “Qəbələ” klubu bizi mübarizədən kənarlaşdırmışdı. Növbəti dəfə Azərbaycan klubu ilə qarşılaşacağımız üçün təəssüflənmirəm. Çünki daha güclü rəqiblərlə üz-üzə gələ bilərdik. Artıq Azərbaycan komandaları ilə oyun təcrübəmiz var və mərhələ keçə bilərik”.

“Beş potensial rəqibdən ən güclüsü ilə qarşılaşmalı olacağıq. “Samtredia” bizi daha yaxşı tanıyır. Ötən mövsüm rəqibin “Qəbələ” ilə cavab matçında göstərdiyi futbolu gördük”.

Bu sözləri isə Ağdamın “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov  deyib.

Q.Qurbanov püşkün nəticələrinə münasibət bildirərkən deyib:

“Hazırda Gürcüstanda çempionat davam edir və bu da rəqibin üstünlüyüdür. Biz isə hələ ki, tam heyətlə yığışa bilməmişik. Milli komandalarda olan futbolçular iyunun 20-dən sonra təlim-məşq toplanışına qoşulacaqlar. Çalışacağıq ki, ən qısa zamanda toparlanaraq çatışmazlıqları aradan qaldıraq və oyuna tam hazır olaq”.

Gununsesi.info