“Qarabağ məsələsinin həlli münasibətilə Azərbaycan xalqını təbrik edirəm” – Qazaxıstanın azərbaycanlı deputatı

  • By admin
  • 13 Yanvar 2021 13:46

Qazaxıstanda yeni ilin başlanğıcı parlament seçkiləri ilə əlamətdar olub. Yeni seçilmiş 107 deputatdan 9-u Qazaxıstan Xalqları Assambleyası tərəfindən namizəd olanlardır. Qazaxıstan Xalqları Assambleyasından parlamentə seçilənlər arasında 2003-cü ildən bu yana Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının rəhbəri olan Əbülfəz Xamedov də var.

Yeni seçilmiş deputatın valideynləri 1937-ci ildə Sovet hökuməti tərəfindən çox sayda digər insanlarla birgə Qazaxıstana sürgün edilib. O vaxtdan bəri Qazaxıstan deputatın ailəsi üçün ikinci vətən olub.

 Gununsesi.org xəbər verir ki, “Report”a müsahibəsində Ə.Xamedov qürurla və bütün gücü ilə 18 milyondan çox qazaxıstanlının rifahı naminə xidmət etməyə hazır olduğunu qeyd edib.

“Bütün xalqın rifahı naminə çalışacağıq. Fəaliyyətimizin prioritet məsələlərindən biri də Qazaxıstan dövləti daxilində milli və millətlərarası razılaşmadır. Bundan əlavə, gənclər məsələləri, gənclər siyasətinin gücləndirilməsi, inşaat üçün icazə prosedurlarının sadələşdirilməsi, habelə ətraf mühitin qorunması məsələləri də prioritet məsələlərdəndir”, – Ə.Xamedov bildirib.

Yeni seçilən deputat həmçinin Qazaxıstan parlamentinin fəaliyyət proqramında Azərbaycanla əməkdaşlığın gücləndirilməsi məsələlərinin həmişə xüsusi yer tutduğunu xatırladıb.

“Bundan başqa, qeyd etmək istəyirəm ki, assosiasiyamızın fəaliyyəti dövründə iki ölkənin ziyalılarının iştirakı ilə Azərbaycan və Qazaxıstan arasındakı dostluq körpüsünü gücləndirmək üçün dəfələrlə Azərbaycana səfərlər təşkil etmişik. Heydər Əliyev və Nursultan Nazarbayev arasında olan dostluq bu gün də İlham Əliyev və Kasım-Jomart Tokayev arasında davam edir. Bu dostluq ən yüksək səviyyədədir. Qazaxıstan parlamentində dostluq qrupu yaradıldıqdan sonra iki ölkə arasındakı bu əlaqələr daha da güclənəcək və genişlənəcək.

Bu gün Qazaxıstanda 150 minə yaxın azərbaycanlı sülh və əmin-amanlıq şəraitində yaşayır. Azərbaycan-Qazaxıstan münasibətləri də yüksək səviyyədədir. Bu əlaqələri daha da gücləndirmək üçün lazım olan hər şeyi edəcəyik. Bunun üçün bütün ilkin şərtlər də var. Dövlətlərimiz Türk dövlətləridir. Nursultan Nazarbayev ömürlük Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Fəxri sədri seçilib”, – qazaxıstanlı parlamentari söyləyib.

Keçən ilin payızında və sonunda baş verən hadisələr – İkinci Qarabağ müharibəsi azərbaycanlı deputatın diqqətindən kənarda qalmayıb. Son hadisələr barədə danışan Ə.Xamedov İlham Əliyevin Qarabağ probleminin həlli üçün hər şeyi etdiyini vurğulayıb.

“Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bütün beynəlxalq norma və prinsiplər, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmasını təmin etmək üçün hər şeyi etdi. Ancaq təəssüf ki, beynəlxalq ictimaiyyət razılığın əldə olunmasına töhfə verə bilmədi və Azərbaycan güc tətbiq etmək məcburiyyətində qaldı. Qarabağ məsələsinin həlli münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm”, – o fikrini yekunlaşdırıb.

 Gununsesi.org