Qarabağ münaqişəsinin həllini istəməyən elə Minsk Qrupunun həmsədr ölkələridir - MÜRTƏZA BÜNYADLI YAZIR

  • By admin
  • 15 Yanvar 2018 17:06

Qarabağ münaqişəsinin tənzimlənməsində lokomotiv və açar rolunu oynayan Rusiya xarici işlər naziri Sergey Lavrovun mövzu ilə bağlı son açıqlaması bir daha Kremlin münaqişənin həlində “nə sülh, nə hərb” taktikasına sadiq qaldığını sübut etdi. Rusiya XİN başçısı Sergey Lavrovun yanvarın 15-də səsləndirdiyi açıqlama bunu deməyə əsas verir.

S.Lavrov qeyd edib ki, Rusiya, ABŞ və Fransa ilə birlikdə belə bir həllin əldə olunması üçün şəraitin yaradılması istiqamətində əlindən gələni edir: “Biz son illərdə intensiv səylər göstərmişik ki, tərəflərin bütün mövqelərini ümumiləşdirək, üst-üstə düşən yanaşmaları ortaya çıxaraq və onları ortaq məxrəcə gətirək. Həmçinin onlara ortaq fikrə gələ bilmədikləri məsələlərdə kompromis variantlarını deyək. Bu iş ötən il ərzində də intensiv və mütəmadi şəkildə aparılıb. Həmsədrlər ümumi mövqeyə malikdir. Tərəflər həmsədrlərin nə düşündüyünü bilir. Lakin qərarı tərəflər verməlidir”.

Rusiya XİN başçısının bu açıqlamasını növbəti dəfə məsuliyyəti tərəflərin üzərinə atmaqla özlərini məsuliyyətdən kənar tutmaq kimi dəyərləndirmək lazımdır.

Təbii ki, son qərar tərəflərindir. Əgər yenə də son qərar tərəflərindirsə, niyə onlara birbaşa təmasa girməyə imkan verilmir. Hər hansı formada kənar müdaxilə olmadan tərəflər özləri məsələni müzakirə edib həll etsinlər.  Beynəlxalq güclər,  elə ilk növbədə Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədi ilə yaradılan ATƏT MQ həmsdər ölkələri  bunun Azərbaycan və Ermənistanın daxili işi hesab etməyərək hər vasitə ilə  nəticəli danışıqların aparılmasına  mane olmağa çalışırlar. Çünki hər üç  vasitəçi ölkənin bölgədə marağı olduğundan və aralarında bu maraqları təmin etmək uğrunda mübarizə getdiyindən münaqişənin ədalətli həllində  deyil, uzanmasında maraqlıdırlar. Bu ölkələr yaxşı anlayır ki,  məsələnin həlli tərəflərə həvalə edilərsə, münaqişə  güc yolu ilə deyil, elə beynəlxalq hüququn prinsiplərinə söykənərək, kompromislər əsasında həllini tapa bilər. ATƏT MQ həmsədrləri onu da yaxşı anlayır ki, Bakı və İrəvan sülh yolu ilə münaqişənin həllində dil tapacaq və bunun üçün yetərli resurslar, imkanlar mövcuddur.

Odur ki, vasitəçilər tərəflərin birbaşa təmasına imkan verməyərək, guya “münaqişə tərəfləri arasında etimadın olmadığını” bəhanə kimi gətirirlər. O baxımdan vasitəçilər müxtəlif vasitələrdən istifadə etməklə tərəflər arasında süni gərginlik yaratmaqla  tərəflər arasındakı düşmənçilik nifaqını daha da dərinləşdirməklə məşğuldurlar. Və bu məsələdə Ermənistandakı qüvvələrdən  istifadə olunur. Əgər məsələnin həlli  erməni xalqının taleyinə buraxılarsa, o zaman problem çox qısa zamanda həllini tapar.

Bunun bir səbəbi var. Bu da  ondan ibarətdir ki, Qarabağ münaqişəsinin həlli ATƏT MQ həmsədr ölkələrinin maralarına cavab vermir. Vasitəçilər Qarabağ münaqişəsindən istifadə etməklə bölgədəki maraqlarını təmin etməyə çalışır. O baxımdan da məsuliyyətlə deyə bilərik ki,  münaqişənin  həll olunmamasının  əsas günahkar elə vasitəçilərdir.

Əgər belə deyilsə, o zaman vasitəçilər niyə işğalçıya qarşı hansısa təzyiq edib, onun işğalçılıq mövqeyindən geri çəkilməsi üçün  hansısa addım atmağa vadar etmirlər. Baxmayaraq ki, həmsədrlər son bir neçə ildə Qarabağdakı mövcud status-kvonun qəbuledilməz hal olduğunu və  dəyiməsinin vacibliyini qeyd etsələr də, bu istiqamətdə konkret atmırlar. Status-kvonun dəyişməsi üçünsə  ilk növbədə Ermənistana təzyiq edilməli və işğalçı qoşun işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır.

Bunun əvəzində isə ATƏT MQ-nin münaqişənin tənzimlənməsi ilə məşğul olduğu bu 25 ildə ancaq Qarabağ münaqişəsinin digər münaqişələrdən ciddi fərləndiyi, “mürəkkəb”, “güzəşt”, “liderlərin siyasi iradə nümayiş etdirərək kompromisə, güzəştə getmək” və sair bu kimi “nağılları” eşitməkdəyik. Ona görə də ATƏT MQ həmsədrləri üzərlərinə düşən missiyanın tam əksi olaraq işğalçı Ermənistana  dəstək verməklə, işağlçılıq siyasətinin möhkəmlənməsinə yardım etməsini müşahidə etməkdəiyk. Bu azmış kimi, işğalçıya maliyyə və hərbi dəstək verilir.

Bununla da ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri bilərəkdən Qarabağda vəziyyəti gərginləşdirməklə  münaqişənin həllində digər alternativləri, xüsusən də hərb yolunu seçməyə vadar edir.

Bölgədə hərbi gərginliyin yaranması və yaxud müharibənin alovlanması isə nəinki Cənubi Qafqazı, eyni zamanda digər bölgələri də öz ağuşuna alacaq. Bundan daha çox Rusiya və Avropa ziyan çəkəcək.

Mürtəza Bünyadlı

Gununsesi.info